“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) sıfır emissiya hədəfinə çatmaq üçün yeni yanacaq növlərindən istifadəyə başlayır.
Bunu “Report”un sualına cavab olaraq ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev bildirib.
O qeyd edib ki, artıq "Bakı Gəmiqayırma Zavodu" MMC-yə Xəzərdə fəaliyyət göstərəcək ilk hibrid dalğıc gəmisi sifariş edilib: “Həmin layihənin həm konsepsiyasını, həm də mühəndisliyini ASCO-nun elmi tədqiqat institutu hazırlayıb. Bu sıfır emissiya hədəfinə çatmaq üçün atılan addımlardan biridir. Ümumilikdə gəmiçilik dünyada beynəlxalq ticarət fəaliyyəti növüdür. Ona görə də biz öz fəaliyyətimizi təkcə Azərbaycanın qanunvericiliyinə uyğun deyil, o cümlədən beynəlxalq konvensiyalarının tələblərinə uyğun qururuq”.
ASCO-nun sədri diqqətə çatdırıb ki, Beynəlxalq Dəniz Təşkilatının 2050-ci il üçün hədəf kimi qoyduğu sıfır emissiyaya çatmaq üçün Gəmiçilik emissiyaların idarə edilməsi siyasətinə uyğun fəaliyyətini təsdiq edib: “Bu hədəfə çatmaq elə də asan deyil. Biz anlayırıq ki, bu, çox çətin bir işdir və böyük investisiyalar tələb edəcək. Hədəfimizə çatmaq üçün dünyada gedən prosesləri ciddi izləyirik, yeni innovativ həlləri öz gəmilərimizdə tətbiq edirik”.