“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus “Atlet-8” kran gəmisinin əsaslı təmiri yekunlaşıb.
“Report” ASCO-ya istinadən xəbər verir ki, təmir prosesi “Bibiheybət” Gəmi Təmiri Zavodunda yerinə yetirilib. Təmir müddətində 40 ton yükqaldırma qabiliyyətinə malik olan kranın, baş və köməkçi mühərriklərin, nasosların, boru sistemlərinin əsaslı təmir işləri aparılıb.
"Gəminin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxana təmir olunub. Tərsanəyə qaldırılan gəminin sualtı və suüstü hissələrinin təmizlənməsi, rənglənməsi, hərəkət-sükan kompleksinin, dib-yan armaturlarının, protektor qurğularının təmiri, gəminin üzməsinə təhlükə yaradan gövdənin sualtı və suüstü hissəsində zədələnən sahələrin dəyişdirilməsi işləri yerinə yetirili", - məlumatda deyilirb.
Bununla yanaşı gəmidə rabitə və elektroradionaviqasiya sahəsinə aid 1 dəst müasir tip “FURUNO FELCOM-18 İnmarsat-C” , 2 dəst stasionar “FURUNO FM-8900 UQD” radiostansiya, 1 ədəd “TRON 60AİS” tipli qəza radiomayak (EPİRB) , 1 dəst “KODEN MDC-7912” tipli radar quraşdırılıb və translyasia, naviqasiya avadanlıqları əsaslı təmir olunub.
İşlər başa çatdıqdan sonra gəminin 40 tonluq yükqaldırma qabiliyyətinə malik kran qurğusunun sınaq işləri aparılıb və test uğurla başa çatıb. Bundan sonra mexanizm və elektrik avadanlıqlarının hərəkətdə yoxlanılması məqsədilə gəmi dəniz sınağına çıxarılıb. Müvəffəqiyyətlə başa çatan dəniz sınaq işlərindən sonra gəmi Registr təsnifatı nümayəndələrinə təhvil verilib.
Qeyd edək ki, “Atlet-8” kran gəmisinin uzunluğu 65 metr, eni 15 metrdir.