"ADY Konteyner" yeni istiqamətlərdə yükdaşımalara başlayacaq

İnfrastruktur
  • 10 noyabr, 2021
  • 12:43
ADY Konteyner yeni istiqamətlərdə yükdaşımalara başlayacaq
Natiq Cəfərov

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) törəmə müəssisəsi - "ADY Konteyner" MMC yeni istiqamətlərdə yükdaşımalara başlayacaq.

Bu barədə "Report"un Türkiyə bürosuna açıqlamasında şirkətin direktoru Natiq Cəfərov məlumat verib.

O, İstanbulda keçirilən "Logistrans-2021" beynəlxalq logistika və nəqliyyat sərgisində iştirak edib.

"Yeni layihəmiz Rusiyanın şərq limanlarına (Naxodka, Vostoçnıy), həmçinin oradan Samur-Yalama xəttinə qədər, buradan isə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə Türkiyə və Avropaya yükdaşımalarından ibarətdir. Hazırda "ADY Konteyner" Türkiyədə logistika və nəqliyyat sahəsində bir çox şirkətə əməkdaşlıq edir. Əsas tərəfdaşımız "Pasific Eurasia" şirkətidir. Bu şirkət Türk Dəmiryollarının frakt agenti olduğu üçün bütün layihələrimizi birlikdə həyata keçiririk", - deyə o qeyd edib.

"Yeni məhsulların daşınması yeni layihələrdən asılıdır. Bugünkü layihələr Çinin Qaşqar şəhərindən Qırğızıstanın Oş şəhərinə, oradan isə Türkmənbaşı və Bakıya, eləcə də BTQ ilə Türkiyəyə məhsul daşınmasını nəzərdə tutur", - deyə N.Cəfərov əlavə edib.

Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.

Son xəbərlər

Bütün Xəbər Lenti