ADB Şimal-Cənub dəhlizinin Azərbaycandan keçən hissəsi üçün tələb olunan maliyyəni açıqlayıb
- 14 sentyabr, 2024
- 09:36
Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın dəmir yolu sektorunun inkişafı proqramı çərçivəsində 131,5 milyon ABŞ dolları məbləğində əlavə maliyyə vəsaiti ayırmağa hazırdır.
"Report" bu barədə ADB-nin prezidentinin hesabatına və Direktorlar Şurasına tövsiyələrinə istinadən xəbər verir.
Layihənin ümumi dəyəri 160,5 milyon ABŞ dolları təşkil edir və bunun 29 milyon ABŞ dolları Azərbaycan hökumətinin payına düşür.
ADB tərəfindən vəsait ilk dəfə iqlim maliyyəsi çərçivəsində ayrılacaq və bunun 2 milyon ABŞ dolları uyğunlaşma, 129,5 milyon ABŞ dolları isə təsirin azaldılması üçün nəzərdə tutulub. Bu vəsait Avropanı Yaxın Şərq və Cənubi Asiya ilə birləşdirən Şimal-Cənub dəhlizinin əsas həlqəsi olan Sumqayıt-Yalama hissəsində iki yoldan ibarət olan 166 km-lik magistral xəttin bərpasını başa çatdırmağa, eləcə də mülki obyekt və dəmir yolu keçidlərini modernləşdirməyə imkan verəcək. Həmçinin Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində dəmir yolu şəbəkəsinin istismar xüsusiyyətlərinin təkmilləşdirilməsi də nəzərdə tutulur.
ADB analitikləri qeyd edirlər ki, avtomobil yolu və boru kəmərləri şəbəkəsinin genişləndirilməsi infrastruktura uzunmüddətli investisiya qoyuluşunun olmaması səbəbindən daha da zəifləmiş Azərbaycan dəmir yolu sektoruna təzyiq göstərir. 2000-ci illərin əvvəllərində tikinti materiallarının ixracı və idxalının artmasına baxmayaraq, dəmir yolu nəqliyyatının payı azalmaqda davam edib. 2006-cı ildə dəmir yolu ilə 26,5 milyon ton yük daşındığı halda, 2010-cu ilə qədər bu həcm 22,4 milyon tona, 2016-cı ilə qədər isə 15,5 milyon tonadək azalıb.
“İnfrastrukturun sıradan çıxması və idarəetmədə kommersiya yönümlülüyün olmaması dəmir yolu sektorunun rəqabət qabiliyyətinə mənfi təsir göstərib. “Azərbaycan Dəmir Yolları” (ADY) QSC isə fəaliyyətini yalnız borcu artırmaq sayəsində davam etdirə bilib.
“2009-cu ildən Şərq-Qərb dəmir yolu dəhlizinin modernləşdirilməsinə baxmayaraq, Şimal-Cənub dəhlizi xüsusilə Yalama-Astara hissəsində infrastrukturun təkmilləşdirilməsindən sonra əlavə diqqət tələb edir. Layihənin həyata keçirilməsi ölkənin strateji mövqeyindən istifadə edərək daha təhlükəsiz, enerji effektivliyi cəhətdən əlverişli nəqliyyat həlləri təqdim edəcək”, - hesabatda qeyd olunur.
Kredit ADB-nin çevik kredit məhsulu çərçivəsində müəyyən edilmiş faiz dərəcəsi və 2 il güzəşt dövrü ilə 22 il müddətinə ayrılacaq. Öhdəlik üzrə komissiya illik 0,15 % təşkil edəcək, digər şərtlər isə kredit və layihə sazişlərində qeyd olunacaq. Düz xətt metodu ilə hesablanmış orta ödəniş müddəti 12,25 il təşkil edir.
131,5 milyon ABŞ dolları məbləğində əlavə maliyyələşdirmə cari müqavilə üzrə izafi xərcləri ödəməyə imkan verəcək, layihənin həyata keçirilmə müddəti isə 1 il - 31 dekabr 2024-cü ildən 31 dekabr 2025-ci ilə qədər uzadılacaq. Layihənin bu komponenti üçün ilkin kreditin bağlanma tarixi isə nəzarət üzrə məsləhətçinin və layihənin icraçı qrupunun əməliyyatlarının maliyyələşdirilməsi üçün 31 dekabr 2024-cü il tarixindən 30 iyun 2026-cı il tarixinə keçirilir. Yeni kredit layihənin başa çatacağı tarixdən 6 ay sonra - 2026-cı il iyun ayının 30-da bağlanacaq.
Xatırladaq ki, 2017-ci ildə ADB Azərbaycanın dəmir yolu sektoruna dəstək məqsədilə 401 milyon ABŞ dolları məbləğində kredit və texniki yardımı təsdiqləyib. 131,5 milyon ABŞ dolları məbləğində əlavə maliyyə vəsaiti izafi xərcləri qarşılamağa və layihənin müddətini 2025-ci ilin sonuna qədər uzatmağa imkan verəcək.
Həyata keçirilməsi texniki cəhətdən mümkün və iqtisadi cəhətdən həyat qabiliyyətli hesab olunan layihə Azərbaycan hökuməti üçün yüksək prioritetdir və ADB ilə 2024-2028-ci illər üçün Tərəfdaşlıq Strategiyasına uyğundur. Gələcək planlara ADY-nin rəqəmsal transformasiyasının maliyyələşdirilməsi də daxildir ki, bu da dəmir yolu sektorunun maliyyə və əməliyyat göstəricilərini yaxşılaşdırmalıdır.
Layihənin ümumi dəyəri 427,8 milyon ABŞ dolları məbləğində (layihənin həyata keçirilməsi zamanı gözlənilməz xərclər və maliyyə xərcləri daxil olmaqla 485,5 milyon ABŞ dolları) qiymətləndirilir və işlərin 2025-ci ilin sonuna qədər başa çatdırılması gözlənilir. Hökumətin töhfəsi 64,9 milyon ABŞ dolları vergi və rüsumlar da daxil olmaqla 29 milyon ABŞ dolları artaraq 104 milyon ABŞ dollarına çatacaq.