Bakı. 23 yanvar. REPORT.AZ/ Türkiyənin tanınmış fotoqrafı Mustafa Sevenin Bakı, İstanbul və Tbilisidə çəkdiyi fotolar sərgiyə çıxarılıb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, sərgi "Şəhər hekayələri" adlanır.
Üç ölkədə çəkdiyi fotolardan danışan M.Seven deyib ki, Azərbaycan, Türkiyə və Gürcüstan eyni coğrafi məkanda yerləşirlər və mədəni cəhətdən əlaqələri çox güclüdür.
O bildirib ki, səyahət etdiyi şəhərlər arasında onu Bakı daha çox təəccübləndirib.
Şəhər haqqında fikirlərini bildirən fotoqraf Bakının memarlıq quruluşunun Avropa şəhərlərinə çox bənzədiyini qeyd edib: "Şəhəri gəzdikcə "bura həqiqətən Bakıdırmi?" deyə öz-özümə fikirləşirdim. Gözlədiyimin tam əksi ilə qarşılaşdım. Hesab edirəm ki, bu sərgi ilə insanlara Bakının əslində necə gözəl şəhər olduğunu göstərə biləcəyik".
"42 Maslak Art! SPACE" galereyasında açılan sərgi yanvarın 31-dək davam edəcək.