Tarix Muzeyində Abbas Mirzə Qacarın qılıncı nümayiş olunacaq

Tarix Muzeyində Abbas Mirzə Qacarın qılıncı nümayiş olunacaq Üzərindəki yazı onun şah Abbas Mirzə Qacar üçün düzəldilməsini ehtimal etməyə imkan verir
İncəsənət
21 İyun , 2018 16:05
Tarix Muzeyində Abbas Mirzə Qacarın qılıncı nümayiş olunacaq
0 : 00
0 : 00

Bakı. 21 iyun. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində keçiriləcək “Ordum varsa, yurdum var!” sərgisində şahzadə Abbas Mirzə Qacara (1789-1833) məxsusluğu ehtimal edilən qılınc nümayiş olunacaq.

AMEA-nın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 2017-ci ildə qılıncın hazırkı sahibi Yusif Bağırzadə muzeyə dəmir silahın istehsal dövrünün müəyyən edilməsi ilə bağlı müraciət edib. Muzeyin şöbə müdiri Səbuhi Əhmədov qılıncın strukturu və xüsusiyyətlərini nəzərə alaraq onun XIX əsrin əvvəllərinə aid parad silahı olmasını müəyyən edib.

Həmçinin S.Əhmədovun tövsiyəsi ilə Y.Bağırzadə eksponatın dəqiq və hərtərəfli ekspertizası üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki Dövlət Ermitajı Muzeyinə müraciət edib.

RF Silah Ekspertləri Milli Assosiyasiyası mütəxəssislərinin verdiyi geniş və əhatəli rəydə qılıncın yerli Azərbaycan istehsalı olması əksini tapıb. Bundan əlavə, Dövlət Ermitajında qorunan iki analoji qılıncla tutuşdurulma aparılıb.

Sərgilənəcək qılınc üzərində “Bənde-i şah-i vilayəti Abbas” (“Vəlilik şahının qulu olan Abbas”) yazısı var. Qılıncın forma, düzəldilmə texnikası, naxışların təhlili, mövcud eksponatlarla tutuşdurulma, üzərindəki yazı onun 1809-1810-cu illərdə Azərbaycanda şah Abbas Mirzə Qacar üçün düzəldilməsini ehtimal etməyə imkan verir.

Son xəbərlər

Orphus sistemi