Bakı. 26 noyabr. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Dövlət Opera və Balet Teatrının simfonik orkestri üçün yeni musiqi alətləri alıb.
"Report" xəbər verir ki, yeni nəfəs, zərb və simli musiqi alətləri bu günlərdə teatrın simfonik orkestrinə təhvil verilib.
Teatrdan bildirilib ki, Avropanın aparıcı musiqi firmalarının (“Mönnig”, “Shreiber”, “Karl Höfner”, “Gewa” (Almaniya), “Selmer” (Fransa), “Tomastic” (Avstriya) istehsalı olan bu alətlərdə ifa orkestrin daha yaxşı səslənməsinə səbəb olacaq: "Opera və Balet Teatrının simfonik orkestri ölkənin aparıcı musiqi kollektivlərindən biri olub, çox mürəkkəb opera və balet tamaşalarını ifa edir, yerli və dəvət olunmuş görkəmli dirijorlarla çalışır, həmçinin musiqi mədəniyyətimizi xaricdə ləyaqətlə təmsil edir.
Musiqiçilər orkestrin yeni musiqi alətləri ilə təchiz edilməsini böyük sevinc və razılıq hissi ilə qarşılayıb, qayğı və diqqətə görə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə və ölkə başçısına minnətdarlığını ifadə ediblər".