Maqsud Mahsudov: Gələn il belaruslu rəqibləri də məğlub edib qızıl medal qazanmağa çalışacağıq
- 10 noyabr, 2026
- 22:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Batut gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Maqsud Mahsudov dünya çempionatında qazandıqları gümüş medalı uğurlu nəticə kimi qiymətləndirib.
"Report" xəbər verir ki, o bunu jurnalistlərə açıqlayıb.
İdmançı ötən il bacısı Selcan Mahsudova ilə qarışıq sinxron proqramda bürünc medal qazandıqlarını, bu il isə nəticələrini yaxşılaşdıraraq ikinci yeri tutduqlarını xatırladıb.
O, həmçinin çətinlik dərəcəsi üzrə dünya rekorduna imza atdıqlarını vurğulayıb:
"Dünya çempionatından uğurlu nəticə ilə qayıtdıq. Gümüş medal qazandıq. Sevinirik ki, istədiyimiz kimi çıxış edə bildik. Ötən il bacımla birlikdə qarışıq sinxron proqramda üçüncü yeri tutmuşduq. Bu il isə nəticəmizi yaxşılaşdıraraq ikinci olduq. Eyni zamanda çətinlik dərəcəsi üzrə dünya rekordunu yenilədik".
M. Mahmudov finalda Yaponiya və Belarus komandaları ilə mübarizə apardıqlarını qeyd edib. Onun sözlərinə görə, yaponiyalı rəqiblərini geridə qoymağı bacarsalar da, belaruslu gimnastlara qalib gələ bilməyiblər.
"Gələn il belaruslu rəqiblərimizi də məğlub edərək qızıl medal qazanmağa çalışacağıq", - o əlavə edib.
Xatırladaq ki, batut gimnastikası və tamblinq üzrə dünya çempionatı Çinin Nankin şəhərində baş tutub.