Kvrivişvili: Azərbaycanla əməkdaşlıq Aİ-yə elektrik enerjisi ixracı imkanlarını genişləndirəcək
- 10 noyabr, 2026
- 22:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanın Azərbaycan, Türkiyə və Bolqarıstanla enerji əməkdaşlığı regionun enerji sektorunun inkişafı və Avropa İttifaqı ölkələrinə elektrik enerjisi tədarükünün artırılması üçün yeni imkanlar açır.
"Report" Gürcüstanın İctimai Televiziyasına istinadən xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili bildirib.
Onun sözlərinə görə, dörd ölkə enerji güclərinin və onların enerji sistemlərini birləşdirən infrastrukturun gələcək inkişafı barədə razılığa gəlib.
"Bu, elektrik enerjisi istehsalını artırmağa və onun Avropa İttifaqı ölkələrinə ixrac imkanlarını genişləndirməyə imkan verəcək. Çox vacib bir təşəbbüsdür", - Kvrivişvili qeyd edib.
O, Gürcüstan üçün qonşu dövlətlər və beynəlxalq tərəfdaşlarla enerji əməkdaşlığının xüsusi əhəmiyyətini vurğulayıb.
Nazirin sözlərinə görə, Tbilisi enerji sektorunun gələcək inkişafını, o cümlədən sonrakı ixrac üçün elektrik enerjisi istehsalı həcmlərinin artırılmasını gözləyir.
Xatırladaq ki, noyabrın 10-da Antalyada COP31 çərçivəsində Azərbaycan, Bolqarıstan, Gürcüstan və Türkiyə hökumətləri arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalanıb.
Sənəd təmiz energetika sahəsində əməkdaşlığın gücləndirilməsini, transsərhəd enerji infrastrukturunun inkişafını, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsini və regionun enerji təhlükəsizliyinin artırılmasını nəzərdə tutur.