Bakı. 30 oktyabr. REPORT.AZ/ Y.Nikulin adına “Svetnoy bulvarda” Moskva Dövlət Sirki Azərbaycana gəlib.
"Report"un əməkdaşı Moskva sirkinin Bakı Dövlət Sirkində balacalar üçün təqdim etdiyi proqramı izləyib, reportaj hazırlayıb.
Üç illik danışıqlardan sonra Bakıya tam heyətlə gələn sirk
Tamaşanın başlanmasından xeyli əvvəl artıq Bakı Dövlət Sirkində idik. Bizə bələdçiliyi isə sirkin mətbuat katibi Mahir Hümbətov edir və proqram haqqında ətraflı məlumat verir. Onun sözlərinə görə, Bakı Dövlət Sirkinin yeni mövsümü oktyabrın 27-də başlayıb: “Mövsümün açılışına ilk dəfə olaraq dünyanın ən məşhur sirklərindən biri olan Y.Nikulin adına “Svetnoy bulvarda” Moskva Dövlət Sirkini tam heyətlə dəvət etmişik. Proqram iki saatdan artıq davam edir. Maraqlı hava şouları, əhilləşdirilmiş heyvanlarla səhnələri var. Moskva sirkinin kollektivi noyabrın 18-nə kimi Bakıda olacaq. Həftənin şənbə, bazar günləri və bayram günlərində tamaşalar nümayiş etdiriləcək. Biletlərin qiyməti yerdən asılı olaraq 10 manatdan 20 manata kimi dəyişir. Biz bu sirki üç ilə yaxındır Bakıya gətirmək üçün danışıqlar aparırdıq, tam heyətlə qastrola ilk dəfə gətirə bildik”.
Tamaşaya tez gələnlər və uşaqların bitməyən istəkləri
Sirkin binasında işıqlı oyuncaqlar, şəkərdən hazırlanmış pambıq, popkorn və s. kimi uşaqların diqqətini çəkən oyuncaqlar, nemətlər satılır. Proqramın başlamasına bir saat qalmasına baxmayaraq, valideynlər övladlarının istəyinə uyğun nəsə almaq üçün sıraya düzülmüşdü. Əgər valideynlər burada uşaqlarının tələbləri ilə üzləşmək istəmirlərsə, onda sirkə tez gəlmək lazım deyil. Çünki uşaqlar digərinin əlində işıqlı, yaxud fırlanan oyuncaqlar gördükdə dərhal ondan istəməyə başlayırlar.
Valideyn isə uşağı sakitləşdirmək üçün çıxış yolu kimi onun istədiyini etməli olur. Zalda həmçinin kloun üçün nəzərdə tutulan dəyəri bir manat olan “qırmızı burun” da satılır. Təbii ki, uşaq bunu da istəyir, bir sözlə, istəklər bitmir.
Kulis
Mahir Hümbətovla birlikdə yollanırıq kulisə. Kulisə daxil olan kimi kəskin iy diqqətimizi çəkir. Burada tamaşa qabağı isinmə hərəkətləri edən akrobatları, heyvanları görmək olar. Qrim otağında da artıq işlər başlayıb. Kişilər üçün nəzərdə tutulan qrim otağına daxil olsaq da, qadınlar üçün olan otağa giriş qadağan idi. Zəng çalınır, tamaşa başlayır.
Nəfəs kəsən anlar
İlk olaraq səhnəyə təhlükəli hərəkətlər göstərən akrobat xanım çıxır. İp ilə göstərdiyi hərəkətlər zamanı özünü yüksəklikdən atması izləyənlərə nəfəs kəsən dəqiqələr yaşadır. Bununla yanaşı iplərlə fiqurları oynadan 2 akrobat da tamaşaçıların diqqətini tam olaraq özlərinə cəmləməyi bacarırlar.
Proqramın ən çox görünən personajı
Tamaşa zamanı səhnədə ən çox görünən kloun olur. Zalda canlanma yaradan kloun hər dəfə səhnəyə çıxdıqda tamaşaçıların iştirakı ilə maraqlı şoular göstərir. Xüsusilə valideynlərin iştirakı ilə etdiyi yarışma azyaşlılara gülüş dolu anlar yaşadır.
Həmçinin müxtəlif cins itlər, keçilər, atlar, poni kimi heyvanların iştirakı ilə şoular göstərildi.
Fotolar: Elçin Murad