Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycan istehsalı olan "İçərişəhər" filmi Hindistanın Beynəlxalq Kojikod Film Festivalında nümayiş etdiriləcək.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu il üçüncü dəfə keçiriləcək festivalda nümayiş olunması üçün 15 film seçilib.
Fevralın 10-da başlayacaq festivalda Azərbaycanla yanaşı Polşa, İran, Avstraliya, Çin, İngiltərə, Şri Lanka, Cənubi Afrika, Əlcəzair, Argentina və Gürcüstan kimi ölkələr təmsil olunacaq.
Qeyd edək ki, “İçərişəhər” filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.
Psixoloji dram janrında çəkilən filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırıblar.