Gənc rəssam: "İlk dəfə portret əsərimdə Ümummilli Lideri çəkmişəm"

Gənc rəssam: "İlk dəfə portret əsərimdə Ümummilli Lideri çəkmişəm" "İlk dəfə portret əsərimdə Ümummilli Lider Heydər Əliyevi çəkmişəm"
İncəsənət
21 İyun , 2023 20:24
Gənc rəssam: İlk dəfə portret əsərimdə Ümummilli Lideri çəkmişəm

"İlk dəfə portret əsərimdə Ümummilli Lider Heydər Əliyevi çəkmişəm"

“Report” xəbər verir ki, bunu gənc rəssam Türkan Əliyeva “100 il” adlı gənc rəssamların qrup sərgisində çıxışı zamanı deyib.

O, rəsm əsərini 14 saata çəkdiyini söyləyib: “Bir ildir yağlı boya ilə rəsm çəkməyə başlamışam. Çox qürurverici hissdir, ilk dəfə portret əsərimdə Ümummilli Lider Heydər Əliyevi çəkmişəm”.

"Davam" Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı çıxışında Ulu Öndərin xatirəsinin 100 illiyinə həsr olunmuş əsərləri ərsəyə gətirə bildikləri üçün çox sevincli olduqlarını söyləyib: "Ümummili Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri barədə danışmaq üçün uzun saatlar lazımdır. Dahi Lider bu rəsm əsərlərini ərsəyə gətirən gənclərin xatirələrində Heydər baba olaraq qalıb”.

Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, Heydər Əliyev rəssam olsaydı, dünya şöhrətli rəssam olardı: “Onu tanıyan hər kəs bilirdi ki, Dahil Lider incəsənətə necə önəm verirdi. Lakin tale və tarix onun üçün çox fərqli yol çəkmişdi. Heydər Əliyev təhlükəsizlik orqanlarında çalışarkən Azərbaycanda bir nəfər belə ziyalı təqib olunmadı, Ulu Öndər öz xalqını hər zaman qoruya bildi və Azərbaycan xalqına özünə inamı qaytardı”.

Daha sonra "Heydər Əliyev" ordenli heykəltaraş Ömər Eldarov və "ArtColab” Yaradıcılıq Mərkəzinin müəllimi və layihə koordinatoru Casiyet Abdullayeva çıxış edərək sərgi haqqında fikirlərini bölüşüblər.

Gənc rəssam Fərəh Babayeva qeyd edib ki, rəsm əsəri üç ay ərzində ərsəyə gəlib: “İlk dəfə idi ki, tarixi bir məbədi çəkirdim və onun teksturasının, qədimliyini qoruyub saxlamaq çox çətin idi. Atəşgah məbədi rəsm əsəri olaraq çox az çəkilmiş məbəddir. Əsərə hər fırça zərbəsini vurduqca fərqli hisslər yaşayırdım. Çünki əsər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş sərgidə nümayiş olunacaqdı. Bu isə əsər üzərində çalışarkən mənə xüsusi motivasiya verdi”.

Tədbirin sonunda gənc rəssamların təltifolunma mərasimi baş tutub.

Daha sonra qonaqlar sərgi ilə tanış olublar.

Qeyd edək ki, tədbir “Davam” Gənclər Hərəkatı və “ArtCoLab” Yaradıcı Gənclər Platformasının birgə təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Gənclər Fondu və Muzey Mərkəzinin tərəfdaşlığı ilə keçirilib. Açılış mərasimində deputatlar, ölkənin tanınmış rəssamları, ictimai xadimlər, gənc rəssamlar, kreativ sənayedə çalışan menecerlər və media nümayəndələri iştirak edib. Sərgidə 31 gənc rəssam tərəfindən ərsəyə gələn 45 əsər ictimaiyyətə təqdim olunub. Bu əsərlərdə Azərbaycan mədəniyyətinin ən böyük himayədarı və qayğıkeşi olmuş Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin müxtəlif anları nümayiş olunub. Sərgilənən əsərlərin əksəriyyəti kətan üzərində yağlı boya ilə, bir hissəsi isə kağız üzərində rəngli karandaşlarla işlənmiş müxtəlif mövzulu əsərlər olub. Muzey Mərkəzində yerləşən Sərgi qalereyası iyun 22-də açıq qapı elan edir. Gənc rəssamların rəsm əsərləri ilə tanış olmaq istəyən vətəndaşlar saat 20:00-dək Muzey Mərkəzinə yaxınlaşa bilərlər.

Son xəbərlər

Orphus sistemi