Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Nəsimi ili” çərçivəsində təqdim etdiyi növbəti layihə Xalq artisti Eyyub Yaqubovun “Nəsimi işığında” adlı ədəbi-musiqili gecə olub.
"Report" xəbər verir ki, 13 may tarixində baş tutan tədbir Nəsimi yaradıcılığı və müasir düşüncə, Nəsimiyə fərqli baxış üzərində qurulub.
Ədəbi-musiqili gecədə Nəsiminin şeirləri və Xalq artistinin repertuarında bu ruha yaxın olan mahnılar tamaşaçılara təqdim edilib. Belə ki, Nəsimi poeziyasının işığında Mikayıl Müşfiqin, Hüseyn Cavidin və digər klassik şairlərimizin sözlərinə bəstələnmiş musiqilər bir-birini əvəzlədi. Eyyub Yaqubovun və aktyorların mahnılararası söylədiyi qəzəllər isə tamaşaçıları sanki əhli-hal etməklə öz düşüncələri ilə baş-başa buraxıb.
Beynəlxalq Muğam Mərkəzinin səhnəsində ilk dəfə çıxışı ilə bağlı açıqlama verən müğənni bildirib ki, BMM-də Nəsimi ilə bağlı layihə işləmək elə də asan deyil.
"Bu ədəbi –musiqili gecə şəxsi ideyam idi və məqamı bu günə təsadüf etdiyi üçün, layihənin reallaşmasından çox məmnunam. Bilirsiniz ki, Beynəlxalq Muğam Mərkəzi mötəbər konsert salonlarımızdan biridir və mənə doğma məkandır. Çünki, muğam sənətinin ustadı sayılan, Xalq artisti Əlibaba Məmmədovun “Humayun” ansamblında uzun müddət çalışmışam. Muğamın ruhuna bələd olduğum üçün özümü Muğam Mərkəzin səhnəsində çox rahat hiss edirəm", - deyə o əlavə edib.
“Küllü-zaman içrə saat yarım” təəssüratı ilə tamamlanan konsert proqramında musiqiçilər irfan musiqisi, insan və zaman anlamında tamaşaçılara Nəsiminin qəzəllərində onun hürufi dərviş və haqq aşiqi obrazları ilə yanaşı, bir də arif şəxsiyyətinin cizgilərini daha qabarıq nəzərə çarpdırdılar. Bu konsert həm də bir daha Eyyub Yaqubov sənətini sevənlərə müğənninin fərqli yaradıcı və hərtərəfli potensialını nümayiş etdirmiş oldu. Onun ədəbiyyat və sənət, musiqi və kainat, səs və zaman, düşüncə və duyğuları bu layihədə dolğun şəkildə özünü göstərmiş olub.
Beynəlxalq Muğam Mərkəzinin səhnəsində növbəti dəfə Nəsimiyə sevgidən ərsəyə gələn layihədə şairin söz ümmanından damlalar səpildi, Azərbaycan musiqisinin möhtəşəmliyi nümayiş olunub. Bu söz ümmanının karvanına sarvan olanlar isə Xalq artisti Eyyub Yaqubovla birlikdə rəngarəng musiqi repertuarı ilə hər zaman dinləyicilərin zövqünü oxşayan "Hicaz” ansamblı idi.