Bakıda ənənəvi yapon incəsənət növləri nümayiş olunur

Bakıda ənənəvi yapon incəsənət növləri nümayiş olunur Yaponiya Səfirliyi və “ABAD” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə 7 saylı ASAN Xidmət Mərkəzində Yapon sənətçisi Takahaşi Maminin təqdimatında ənənəvi yapon incəsənət növləri olan “Kintsugi” və “Mokuhanqa” sənətləri nümayiş olunur.
İncəsənət
17 Noyabr , 2023 18:58
Bakıda ənənəvi yapon incəsənət növləri nümayiş olunur

Yaponiya Səfirliyi və “ABAD” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə 7 saylı ASAN Xidmət Mərkəzində Yapon sənətçisi Takahaşi Maminin təqdimatında ənənəvi yapon incəsənət növləri olan “Kintsugi” və “Mokuhanqa” sənətləri nümayiş olunur.

“Report” xəbər verir ki, tədbir iştirakçıları sırasında Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Vada Cüniçi, Azərbaycan Respublikasının Prezidenti yanındakı Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev də yer alır.

V.Cüniçi "Report"a bildirib ki, iki hissədən ibarət olan tədbirdə ilk olaraq “Kintsugi” sənəti, daha sonra isə “Mokuhanqa” sənəti üzrə nümayişlər nəzərdə tutulub:

"Bu iki incəsənət növü Yaponiyada yayılan ən qədim incəsənət növlərindəndir, illər boyu onlar qorunub saxlanıb və bu gün də qorunmaqda davam edir. Çox gözəldir ki, biz bu ənənəni Azərbaycanda təqdim etmək şansınız sahibik. Ötən il Azərbaycanla diplomatik əlaqələrin 30 illiyini keçirmişik və bu çərçivədə bir çox tədbirlər həyata keçirmişik. Ümid edirik ki, bu tip tədbirlər davamlı olacaq".

Bildirək ki, “Kintsugi” qırılmış əşyaların, keramika qablarının qızıl tozundan istifadə edərək birləşdirilməsi və əvvəlkindən daha gözəl hala gətirilməsi sənətidir. Burada dərin fəlsəfi anlam olaraq qüsurların mükəmməlliyini kəşf etmək aşılanır və qırılmanın əslində bir son yox, yeni həyat mənası daşıdığı göstərilir.

“Mokuhanqa” isə ənənəvi yapon taxta blok çapı sənəti olub su əsaslı xüsusi boyalarlardan istifadə olunan ksiloqrafiya sənətidir. Bu, eyni zamanda məşhur yapon qravür sənəti Ukiyo-enin də əsasında duran incəsənət növüdür. Qərb dünyasında istifadə olunan taxta blok çapından fərqli olaraq yağlı boyalardan deyil, məhz su əsaslı təbii boyalardan istifadə olunur və çoxsaylı rəng seçimi var.

Qeyd edək ki, sənətçi Takahaşi Mami Yaponiya və ABŞ-da uzun illərdir müasir və ənənəvi incəsənət növləri üzrə fəaliyyət göstərərək müxtəlif ölkələrdə sərgi və nümayişlər həyata keçirir. Əslən Tokiodan olan Takahaşi Mami ilk olaraq təhsilini Tokioda Qızlar İncəsənət Universitetində aldıqdan sonra magistr dərəcəsini ABŞ-ın Portland Dövlət Universitetində davam etdirib.

Son xəbərlər

Orphus sistemi