Azərbaycanda istehlakçılara satılmış mal və xidmətlərin dəyəri 65 milyard manatı ötüb
- 24 oktyabr, 2026
- 11:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 65,1 milyard manat olub.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,6 % çoxdur.
Hesabat dövründə ümumi dəyərin 78 %-ni pərakəndə ticarət dövriyyəsi, 18,5 %-ni əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,5 %-ni isə ictimai iaşə dövriyyəsi təşkil edib.
Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin satdığı malların və göstərdiyi xidmətlərin dəyəri ötən ilin 9 ayına nisbətən 4,2 % artaraq 62,2 milyard manat olub, onun 43 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Doqquz aylıq dövr ərzində hər bir istehlakçı orta hesabla aylıq 704,2 manat, yəni illik müqayisədə nominal göstərici üzrə 64,2 manat daha çox xərcləyib.