Bu ilin ikinci rübündə dünya üzrə 45,2 milyon ədəd planşet tədarük edilib.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, “Strategy Analytics”in hesablamasına görə, bu, ötən ilin eyni dövrünün göstərici ilə müqayisədə 5 % çoxdur.
Bazarın lideri II rübdə 15,8 milyon ədəd “iPad” tədarük edən “Apple” olub. Onun bazar payı 35 % təşkil edib.
Bazarın 18 %-nə sahib olan “Samsung” 8,2 milyon ədəd, 10 %-nə - “Lenovo” 4,7 milyon ədəd planşet tədarük edib.
İlk beşliyi müvafiq olaraq 4,2 və 2,1 milyon ədədlə “Amazon” və “Huawei” şirkətləri tamamlayır. Onlar bazarın 9 % və 5 %-nə sahibdirlər.
“Strategy Analytics” şirkətinin ekspertlərinə görə, tələbin artmasına panmediyanın davam etməsi təkan verir. Belə ki, bütün dünya üzrə istifadəçilər planşetləri evdə əyləncə və internetdə iş üçün əldə edirlər.
Analitiklər deyir ki, elektron komponentlərin çatışmamazlığı bu sahəyə mənfi təsir göstərir. Nəticədə ilin ikinci yarısında planşet satışlarının aşağı düşəcəyi ehtimal edilir.