Məşhur “ChatGPT” alətinin yaradıcısı olan “OpenAI” şirkəti hazır texnologiyanın olmasına baxmayaraq, süni intellektdən istifadə edilməklə yaradılmış mətnləri işarələmək üçün su nişanı sistemindən istifadə etməmək qərarına gəlib.
“Report” xəbər verir ki, bu barədə “The Verge” nəşri məlumat yayıb.
Son bir il ərzində “OpenAI”də “ChatGPT” tərəfindən yaradılan mətnlərdə su nişanlarını aşkar edə bilən alət var. Süni intellektlə mətnin müəllifliyini yoxlamaq imkanı verən bu alət elmi məqalələrin yazılması zamanı süni intellektdən istifadənin qarşısını almaq istəyən təhsil müəssisələri üçün xüsusilə vacibdir.
Lakin şirkət daxilində bu məsələ ilə bağlı fikir ayrılıqları yaranıb. Bəzi işçilər su nişanlarından istifadənin şirkətin şəffaflığını artıracağına inanırlar. Digərləri bunun biznesə mənfi təsir göstərə biləcəyindən narahatdırlar.
“OpenAI” tərəfindən sifariş edilən sorğunun nəticələri göstərib ki, “ChatGPT” istifadəçilərinin təxminən 30 %-i su nişanları tətbiq olunarsa, platformadan istifadə etməkdən imtina edəcək. Potensial maliyyə itkiləri və xidmətin populyarlığının azalması şirkət rəhbərliyinin su nişanı sistemindən istifadə etməmək qərarı verməsinə gətirib çıxarıb.