Azərbaycanda 2,16 milyona yaxın ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb.
Bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Məlumata görə, qurumun həyata keçirdiyi "Onlayn Azərbaycan” layihəsi çərçivəsində bu ilin ilk üç ayı ərzində 251 min ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxışı təmin edilib. Beləliklə də, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 74 %-i geniş zolaqlı internetə çıxış əldə edib.
Cari ilin birinci rübündə Bakının 79 min ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxışı təmin edilib. Ümumilikdə isə paytaxtda indiyədək 0,95 milyona yaxın təsərrüfat üçün GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradılıb. Bu, Bakıda mövcud ev təsərrüfatı və biznes subyektlərinin 86,5 %-ni təşkil edir.
Layihə çərçivəsində dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində minimum 25 Mbit/s internet sürəti ilə ölkənin əksər regionlarını əhatə edən genişzolaqlı şəbəkə qurulacaq.
Sözügedən layihə üzrə görülən işlərin 2024-cü ilin sonuna kimi yekunlaşdırılması planlaşdırılır.