İmişli rayonunda yaşayış məntəqələri mərhələli şəkildə fiber-optik xətt və sürətli internetlə təmin edilir.
"Report"un Muğan bürosunun məlumatına görə, rayonda rabitə xətlərinin texniki normalara uyğunlaşdırılması, internet tutumlarının artırılması, yeni telefon çəkilişlərinin aparılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir.
Rabitə xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində görülən işlər hazırda İmişli rayonunun bir neçə yaşayış məntəqəsini əhatə edir. Hal-hazırda Muradxanlı, Şahverdili, Göbəktala, Telişli, Murğuzalılı və Məmmədli kəndlərində xəttlərin çəkilişində son tamamlanma işləri icra edilir. Görülən işlər çərçivəsində müxtəlif tutumlu mis kabellər istismardan çıxarılaraq kütləvi şəkildə müasir standartlara cavab verən fiber-optik kabellərlə əvəzlənir. Qısa zaman ərzində həmin yaşayış sahələrində də GPON texnologiyası vasitəsilə yeni istifadəçilər internet xəttinə qoşulacaqlar.
Qeyd edək ki, ötən illə müqayisədə rayonda internetdən istifadə edən təsərrüfatların sayı 11 mindən 17 min abonentə qədər artıb. İmişli rayonunun müasir internet xidməti ilə təmin edilməyən Ağamalılar kəndidir ki, bu yaşayış sahəsi də artıq layihələndirilib. Cari ilin sonuna qədər həmin kənddə işlər icra ediləcək. Bununla da rayon ərazisi 100 faiz sürətli internetlə təmin olunacaq.