"Azərkosmos" ASC Gürcüstanın “Media Holding” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Bu barədə "Report" "Azərkosmos"a istinadən xəbər verir.
Məlumata görə, əməkdaşlıq müqaviləsinə görə “Media Holding” şirkətinə daxil olan “Rustavi-2”, “Comedy TV” və “Marao TV” televiziya kanalları artıq “Azerspace-1” peyki üzərindən kommersiya yayımına başlayıb.
Geniş izləyici auditoriyasına malik olan bu kanallar vasitəsilə gürcü dilində ictimai, siyasi, iqtisadi, analitik və mədəniyyət proqramları nümayiş olunur.
Qeyd edək ki, “Media Holding” şirkəti ilə əməkdaşlıq sayəsində artıq gürcü izləyicilərin 99 %-i “Azerspace-1” peyki vasitəsilə yayımlanan televiziya kanallarına baxa biləcək.
“Azerspace-1” peykinin Avropa yayım şüası üzərindən təqdim olunan “Rustavi-2”, “Comedy TV” və “Marao TV” kanallarının yayım tezliyi aşağıdakı kimidir:
11095/H/30000
“Rustavi-2”, “Comedy TV” və “Marao TV” kanallarımızın “Azerspace-1” peykində keyfiyyətli formatda yayımlanmasından olduqca məmnunuq. “Azərkosmos”la bu əməkdaşlığımız sayəsində artıq kanallarımızı izləmək Gürcüstanın hər bölgəsində, xüsusilə digər ölkələrdə yaşayan gürcü vətəndaşlarımız üçün əlçatan olacaq”, – deyə şirkətin icraçı direktoru Zaza Gvelesiani bildirib.
“Azərkosmos” Gürcüstanın yayım bazarında altı ildir ki etibarlı xidmət göstəricilərinə görə bazarda öz lider mövqeyini qoruyub saxlamaqdadır. Əminik ki, “Media Holding” şirkəti ilə bundan sonra da gürcü kanallarının və tədbirlərin canlı yayımı üzrə əməkdaşlığımızı genişləndirəcəyik”, – deyə “Azerspace” kommersiya qrupunun rəhbəri Yolçu Həsənov qeyd edib.