Növbəti aylarda Azərbaycanda rəqəmsallaşma alətlərindən istifadə ilə bağlı fərdi və təşkilati qrant müsabiqələri təşkil olunacaq.
"Report" xəbər verir ki, bunu Azərbaycan Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov bu gün keçirilən "Üfüqlәri aşaraq: Dayanıqlı Kosmos, Dayanıqlı Yer" mövzusuna həsr olunmuş "Space Generation Azerbaijan (SG Azerbaijan)" tədbirində deyib.
O bildirib ki, rəqəmsallaşma və süni intellektlə bağlı çağırışlarda gənclərin xüsusi yeri var: "Bu istiqamətdə təşkil ediləcək qrant müsabiqələrində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyi də iştirak edən gənclərə rəqəmsal alətlərdən istifadə etməyə imkanlar yaradacaq.
Həmçinin gənclər bizim təşkil etdiyimiz düşərgələrdə də iştirak edərək bu və digər mövzularda bilik və bacarıqlarını artıra bilərlər".