“Facebook” Azərbaycandakı bazar payının 36 %-ni itirib
- 03 aprel, 2025
- 12:16
Bu ilin mart ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) “Instagram”ın payı 39,29 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin mart hesabatına istinadən verdiyi məlumata görə, bu, fevral ayına nisbətən 1,96 faiz bəndi az, bir il əvvəlki göstərici ilə müqayisədə 4,1 faiz bəndi çoxdur.
İkinci pillədə qərarlaşan “Facebook”un bazar payı ay ərzində 0,44 faiz bəndi artaraq, il ərzində isə 12,51 faiz bəndi azalaraq 22,09 % olub. Beləliklə də “Facebook”un bazar payı 1 il əvvəllə müqayisədə 36 % azalıb.
Növbəti yerdəki “YouTube”un bazar payı ay ərzində 3,1 faiz bəndi, illik isə 5,79 faiz bəndi artaraq 14,53 % təşkil edib.
Dördüncü pillədəki “Pinterest”in bazar payı aylıq 4,6 faiz bəndi, illik müqayisədə isə 0,28 faiz bəndi azalaraq 12,84 %-ə düşüb.
İlk beşliyi 5,91 %-lik bazar payı ilə “X” qapayır. Sosial şəbəkənin bazar payı aylıq 1,87 faiz bəndi, illik müqayisədə isə 0,65 faiz bəndi artıb.