Mərkəzi Avrasiya da daxil olmaqla, region sürətlə inkişaf edən qlobal kosmos iqtisadiyyatına innovasiya, infrastrukturun inkişafı və strateji regional əməkdaşlıq vasitəsilə böyük töhfələr vermək potensialına malikdir.
“Report” xəbər verir ki, bu fikirləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) İdarə Heyətinin sədrinin vəzifələrini müvəqqəti icra edən Dunay Bədirxanov Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransında (STC2025) deyib.
Onun sözlərinə görə, bu potensial, kosmos sahəsindəki müasir inkişaflar və beynəlxalq əməkdaşlıqla daha da güclənəcək: "Regionun kosmos sahəsindəki inkişafı, həm yerli, həm də beynəlxalq səviyyədə mühüm təsirlər yaratmağa imkan verir və bu, Azərbaycanın regionda və qlobal miqyasda liderliyini daha da möhkəmləndirir".
D. Bədirxanov, eyni zamanda “Azərkosmos”un qlobal kosmos sektorunun transformasiyasında mühüm rol oynamaqdan qürur duyduğunu vurğulayıb.
O, kosmosun hazırda dayanıqlı inkişaf, iqlim müşahidəsi, texnoloji tərəqqi və beynəlxalq əməkdaşlıq sahələrində getdikcə daha böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, bu sahədə Azərbaycanla beynəlxalq tərəfdaşların birgə səylərinin dünya miqyasında müsbət nəticələr olduğunu bildirib.