Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos" Çinin “Star.vision” texnologiya şirkəti ilə anlaşma memorandumu imzalayıb.
"Report" "Azərkosmos"a istinadən xəbər verir ki, imzalama mərasimi “Star.vision” şirkətinin nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində baş tutub.
Memorandumun əsas məqsədi “Star.vision”ın hazırladığı süni intellekt həlləri tətbiq olunan peyk və orbit sınaqları üçün zəruri alqoritmlərin birgə hazırlanması və tətbiqi istiqamətlərində strateji əməkdaşlıq etməkdir. Həmçinin süni intellekt və peyk texnologiyası ilə Yerin müşahidəsinin mənzərəsini yenidən formalaşdırmaq məqsədi daşıyan qabaqcıl rəqəmsal təşəbbüslərin birgə icrası və təcrübə mübadiləsi də bura daxildir.
Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər. Görüş çərçivəsində "Azərkosmos" “Star.vision”ı noyabrda Bakıda keçiriləcək COP29 tədbirinə dəvət edib.