Azərbaycanda SMART layihələri reallaşdırmaq üçün əlavə internet trafikinə ehtiyac varmı?
- 04 oktyabr, 2021
- 11:19
Tez-tez Azərbaycanın xaricdən əldə etdiyi internetin trafikinin az olması və onun artırılması ilə bağlı müzakirələr aparılır. Xüsusən də azad edilmiş ərazilərdə “Ağıllı kənd” və “Ağıllı şəhər”lərin əsası qoyulduqdan və bu istiqamətdə işlər sürətləndikdən sonra belə müzakirələr daha da intensivləşib.
Bütün bu məsələlərlə bağlı “Report”un suallarını cavablandıran İKT üzrə ekspert Elvin Abbasov deyir ki, bir çox hallarda bu iddialar İKT sahəsində mütəxəssis olmayan şəxslər tərəfindən irəli sürülür:
“İlk olaraq onu qeyd edim ki, internet dövriyyəsi iki variantda hesablanır. Onlardan biri xarici resurslarda olan dövriyyə, digəri isə daxili resurslarda olan dövriyyədir. Bu gün “Ağıllı kənd”, “Ağıllı şəhər” layihələri çərçivəsində bir neçə dövlət qurumlarının internet yükü artır. Yəni onlar xidmətlərini elektron müstəviyə keçirirlər. Elektron müstəviyə keçmək bir axın deməkdir ki, eyni anda yüz minlərlə, bəlkə də milyonlarla sorğu göndərilir. Bu qədər sorğunun göndərilməsi xaricdən gələn internetin gücü ilə əlaqəli deyil. Bu ölkənin lokal interneti ilə əlaqəlidir və bu baxımdan xaricdən alınan internet yükümüzün artırılıb-azaldılmasına təsir etmir.
Hazırda insanlar “Youtube” və digər xarici internet resursları vasitəsi ilə audio-video xidmətləri izləməsi ölkənin internet yükünü artırmır. Bu sadəcə ölkə daxilində elektron sənəd və informasiya dövriyyəsini artıracaq.
Yəni “Ağıllı kənd” və “Ağıllı şəhər” layihəsi çərçivəsində dövlət qurumları arasında olan informasiya mübadiləsi zamanı xaricdən heç bir asılılığımız yoxdur. Sadəcə orada olan infrastruktura – fiberoptik kabellər, genişzolaqlı şəbəkə, həmin şəbəkənin giriş-çıxışında olan qurğulara, ehtiyac var.
Digər tərəfdən də nəzərə almaq lazımdır ki, Azərbaycanın “G Cloud” deyilən özünün hökumət bulud sistemi də mövcuddur. Bu da bizim daxili resurslarımıza aiddir. Məndə olan məlumata görə, mövcud qaydalarda konfidensial məlumatların olduğu serverlərin xaricdə olması qadağan edilir”.
Ekspert hesab edir ki, istifadəçinin internetə çıxışının yaxşılaşdırılması ilk olaraq maariflənmədən başlamalıdır:
“Bəzən olur ki, hansısa abonentin yüksəksürətli internetə çıxışında problem olur və bu ümumilikdə “internet yoxdur” kimi dəyərləndirilir. Əslində isə belə yanaşmanı doğru hesab etmirəm. Məncə Azərbaycanda internet problemi yoxdur, internetin çatdırılması problemi var. Əgər fərdi mənzil və evlərdə quraşdırılan modem və “router”lərdə olan internet haqqında danışırıqsa ona Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, mobil internetdən söhbət gedirsə GSM operatorları cavabdehdir”.
E.Abbasov həmçinin nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin bir neçə gün öncə 2024-cü ilə qədər ölkənin ucqar bölgələrində yüksəksürətli internetin olacağı ilə bağlı səsləndirdiyi fikirləri də şərh edib:
“Hazırda ölkədə genişzolaqlı internet şəbəkəsinin keyfiyyətinin artırılması və genişlənməsi üçün müvafiq dövlət qurumları birgə investisiyalar həyata keçirirlər.
“Bayaq dediyim kimi “Azərbaycanda internet problemi var” kimi təqdim edilən yüksəksürətli internetə çıxışda yaranan çətinliklər əslində bəzi bölgələrə aiddir. Bu gün Bakının özündə internet problemi yoxdur. Amma Bakıətrafı kəndlərdə müəyyən axsaqlıqlar yaşanır. Çünki bu ərazilərdə olan abonentlərin çoxu hələ də ADSL istifadəçisidir. Həmçinin xətlərin və onların giriş-çıxışında olan avadanlıqların köhnəliyi hələ də problemdir. Əksər rayonlarda da oxşar problemlər mövcuddur.
Bildiyiniz kimi bu yaxınlarda nazir Rəşad Nəbiyev araşdırmaların aparılması və yenidənqurma üçün yol xəritəsinin hazırlanması ilə bağlı açıqlama verdi. Bu ilkin addım olaraq böyük bir işdir. Açıqlamadan da görünür ki, artıq Nazirlik mövcud qurğular və proseslərlə bağlı tam məlumatlıdır.
Görüləcək işlər bir neçə hissədə həyata keçiriləcək və hər hissədə də paralel fəaliyyət gerçəkləşdiriləcək. Beləliklə 2024-cü ildə ən ucqar kəndlər də daxil olmaqla ölkədə hər kəsin ortalama 25 Mbit/s sürətli internetə çıxışı olacaq. Bu çox böyük göstərici deyil. Amma ilkin mərhələ üçün qənaətbəxş hesab etmək olar.
Bu gün düzgün və ardıcıl planlaşdırılmış investisiyalar sayəsində qarşıdakı illərdə orta göstəricini bir neçə dəfə artırmaq mümkün olacaq”.
Bu ilin iyulunda açıqlanan məlumata görə, SMART şəhərlərdə olan avadanlıqların işləməsi üçün tələb olunan orta internet sürəti 15,09 MB/S-dir. SMART şəhərlərdə aparılan test yoxlamaları nəticəsində 1 millisaniyə (ms) gecikmə olduğu müəyyən edilib. Simli bağlantılar zamanı isə bu rəqəm 5-70 ms arasında dəyişir.
Məlumata görə, peyk bağlantılarında isə ümumilikdə 500-800 ms aralığında olur.