Azərbaycanda innovasiya iqtisadiyyatına doğru mühüm addımlar atılır

Azərbaycanda innovasiya iqtisadiyyatına doğru mühüm addımlar atılır Azərbaycan sahibkarlıq ekosisteminin önəmli bir hissəsi olan vergi güzəştləri bu sahənin dünyanın aparıcı ölkələrində mövcud olan sistemlərlə rəqabət qabiliyyətliliyini təmin edir
İKT
5 May , 2021 12:25
Azərbaycanda innovasiya iqtisadiyyatına doğru mühüm addımlar atılır

Dünya iqtisadiyyatındakı son tendensiyalar, inkişaf etməkdə olan ölkələrdəki iqtisadi vəziyyət startapların dəstəklənməsi istiqamətində dövlət təşviqinin artırılmasının vacibliyindən xəbər verir.

“Report” xəbər verir ki, müxtəlif ölkələrdə sahibkarlıq fəaliyyətinin, o cümlədən startapların inkişaf etdirilməsi hökumət üçün mühüm əhəmiyyət daşıyır və bu məqsədlə özünəməxsus münbit ekosistemin yaradılması istiqamətində işlər görülür.

Startapların əhəmiyyəti

Bu günün uğurlu startapları sabahın kiçik və orta biznesləridir. Kiçik və orta sahibkarlıq subyeklərinin isə ölkə iqtisadiyyatının inkişafında çox böyük əhəmiyyəti var. Belə ki, işsizliyə qarşı mübarizədə və ölkədə innovasiyanın tətbiqində kiçik biznesin oynadığı rol danılmazdır. Startaplar həm də neftdən asılılığın aradan qaldırılması, qeyri-neft sektorunun inkişafı və bütövlükdə iqtisadiyyatın diversifikasiyası ilə bağlı hədəflərə nail olunması baxımından çox önəmlidir.

Bu, iqtisadiyyata innovasiyanı gətirən və innovativ olaraq iqtisadiyyatın inkişafını stimullaşdıran təşəbbüslərdəndir. Son illərin təcrübəsi göstərir ki, bütövlükdə innovasiyanın əhəmiyyətli hissəsi məhz startaplara aiddir. İnkişaf etmiş ölkələrdə iqtisadiyyatın yüksək texnologiyalar sektorunda işlə təmin olunan əhalinin 40 %-i kiçik biznes subyektlərinin payına düşür.

Azərbaycan da startapları dəstəkləyən ölkələr sırasındadır

Azərbaycanda əlverişli biznes mühitinin yaradılması, vergi güzəştləri və biznesləri dəstəkləmə üçün real dövlət proqramlarının həyata keçirilməsi son illər geniş tətbiq olunur. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə Azərbaycanda mikro və ya kiçik sahibkarlıq subyekti olan startapların "Startap" şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirləri 3 il müddətinə gəlir və mənfəət vergisindən azad olunub. Bundan əlavə, mikrobiznes, kiçik və orta sahibkarlıq subyektləri üçün gəlir, mənfəət, əmlak vergisi üzrə güzəştlər də nəzərdə tutulub. Belə ki, kiçik və orta biznes (KOB) klasterinin iştirakçısı olan sahibkarlıq subyektləri tərəfindən KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal (iş, xidmət) üzrə əldə etdiyi gəlirin (mənfəətin) kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi 7 il müddətinə gəlir (mənfəət) vergisindən azad edilir.

Qeyd edək ki, mikro-sahibkarlıq subyektləri üçün nəzərdə tutulan güzəştlərə sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir və mənfəətin 75 %-nin vergidən azad edilməsi də daxildir. Mikro sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını Vergi Məcəlləsində müəyyən edilən amortizasiya normalarına 2 əmsal (kiçik sahibkarlıq subyektləri isə 1,5 əmsal) tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər. Həmçinin, mikrosahibkarlıq subyekti olan fərdi sahibkarlar və hüquqi şəxslər əmlak vergisindən azad edilirlər (mülkiyyətindəki əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1 milyon manatdan artıq olan şəxslər istisna olmaqla). Bu dəyişikliklər nəticəsində Azərbaycan sahibkarlıq ekosisteminin önəmli bir hissəsi olan vergi güzəştləri bu sahənin dünyanın aparıcı ölkələrində mövcud olan sistemlərlə rəqabət qabiliyyətliliyini təmin edir.

Biznes qurmaq vaxtıdır

Ölkəmizdə mikro və kiçik sahibkarlıq subyektlərinə “Startap” şəhadətnaməsinin verilməsi prosesi başlayıb. “Startap” şəhadətnaməsi gəlir və ya mənfəət əldə etmək məqsədilə istehsal olunan, innovativ təşəbbüsə əsaslanan, rəqabətqabiliyyətli, eləcə də digər startap məhsulu (xidməti) ilə eynilik təşkil etməyən məhsul (xidmət) istehsalı üçün təqdim edilir. “Startap” şəhadətnaməsini alan mikro və kiçik sahibkarlıq subyektləri şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilir. Bu isə startap vasitəsilə daha innovativ təşəbbüslərin reallaşmasına gətirib çıxaracaq. Mənfəət (gəlir) vergisindən azadolma hesablanmış verginin sahibkarın hesabında qalmasına imkan verəcək və onlar həmin vəsaitdən istifadə etməklə fəaliyyətlərini genişləndirə biləcəklər.

Startapların say etibarilə genişləndirilməsi daha innovativ tədbirlərin, xüsusən də qeyri-neft sektorunun inkişafına hesablanan layihələrin və təşəbbüslərin maliyyələşməsinə imkan verəcək. Bu baxımdan, mənfəətə (gəlirə) tətbiq edilən güzəşt nəticədə daha çox investisiyanın əldə olunmasına, startapla məşğul olan gənc innovator startapçıların bu imkandan istifadə etməsinə şərait yaradacaq. Bu addım qeyri-neft sektorunun inkişafını stimullaşdırmaqla yanaşı, yeni təşəbbüslərin və ideyaların reallaşması üçün zəmin formalaşdıracaq.

Ümumilikdə startap və kiçik bizneslər üçün yaradılan bu vergi güzəştləri ölkəmizdə sahibkarlıq fəaliyyətini daha da canlandıracaq, ölkəmizin iqtisadi inkişafına və insanların məşğulluğuna öz töhfəsini verəcək.

Son xəbərlər

Orphus sistemi