Qazaxıstan və Azərbaycanın telekommunikasiya operatorları Xəzərin dibi ilə Transxəzər Fiber-Optik Kabel Xəttinin çəkilməsi layihəsinə 50,6 milyon ABŞ dollarından çox sərmayə qoyacaq.
“Report” Qazaxıstan Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye naziri Jaslan Madiyev hökumətin iclasında çıxışı zamanı bildirib.
“Bu gün “Kazakhtelecom” (Qazaxıstanın milli telekommunikasiya şirkəti – red.) və “AzerTelecom” MMC arasında birgə müəssisə yaradılıb, sualtı fiber-optik xəttin layihələndirilməsi və çəkilişi üzrə podratçının seçilməsi üzrə tender yekunlaşmaq üzrədir. Kabel xəttinin uzunluğu Xəzər dənizinin dibi boyunca 370 kilometr olacaq”, - J.Madiyev deyib.
Qeyd edək ki, Xəzər dənizinin dibi ilə Transxəzər Fiber Optik Kabel Xətti layihəsi Avropa və Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasını nəzərdə tutan Rəqəmsal İpək Yolu layihəsinin bir hissəsidir.
Sualtı fiber-optik rabitə xətti Aktau-Sumqayıt marşrutu üzrə keçəcək. Maksimum ötürmə qabiliyyəti saniyədə 400 Tbit-ə çatacaq.