Azərbaycan rəqəmsal yarışda: dayanıqlı data mərkəzlərinə keçid necə olmalıdır? - TƏHLİL

İKT
  • 06 dekabr, 2025
  • 12:00
Azərbaycan rəqəmsal yarışda: dayanıqlı data mərkəzlərinə keçid necə olmalıdır? - TƏHLİL

Rəqəmsal dövrdə məlumat axınının sürəti misilsiz dərəcədə artıb. Süni intellekt (AI) texnologiyalarının geniş tətbiqi nəticəsində sistemlər fasiləsiz olaraq nəhəng məlumat massivlərini yaradır, emal edir və yenidən formalaşdırır. Son illərin qiymətləndirmələri göstərir ki, dünyada mövcud olan məlumatların təxminən 90 %-i cəmi iki il ərzində yaradılıb. Bu gün qlobal miqyasda hər gün 402,74 milyon terabayt məlumat generasiya olunur - yəni insanın təsəvvür edə biləcəyindən daha çox rəqəmsal iz buraxılır. Bu miqyası təsəvvür etmək üçün: təkcə 1 terabayt - 500-600 film və ya 100 saatlıq 4K video deməkdir.

Enerji yükü: Rəqəmsal aləmin görünməyən qiyməti

Bu həcmdə məlumatı saxlamaq və işləmək üçün əsas yük data mərkəzlərinin üzərinə düşür. Hazırda dünyada 11 800-dən çox belə obyekt fəaliyyət göstərir və internet trafikinin 95 %-ni emal edir. Süni intellektin gəlişi ilə proseslər daha mürəkkəb olur və bu obyektlərin enerji ehtiyacı durmadan artır.

Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına görə, ötən il yalnız data mərkəzləri 415 TVt/s elektrik enerjisi sərf edib ki, bu, dünya üzrə istehlakın təxminən 1,5 %-i deməkdir. Qlobal data mərkəzlər bazarının lideri (mövcud data mərkəzlərin 46 %-i onun ərazisində yerləşir) olan ABŞ-də bu göstərici ölkənin ümumi enerji istehlakının 4 %-inə bərabər olub, təxminən Pakistanın illik tələbatı qədər.

Proqnozlar göstərir ki, 5 ilə data mərkəzlərinin enerji tələbi ikiqat artaraq 945 TVt/s-a çatacaq. Artımın bu dalğasında yenə də ABŞ və Çin ön sıradadır.

Maraqlıdır ki, data mərkəzlərinin enerji təchizatı da dəyişir. İstehsalın əsas hissəsi kömür və qazla qarşılanırdı, lakin hazırda bərpa olunan enerji ən sürətlə artan mənbədir. Belə ki, data mərkəzlərinin enerji təminatında kömür - 30 %, bərpa olunan enerji - 27 %, təbii qaz- 26 %, nüvə enerjisi - 15 % paya malikdir. IEA-nin proqnozlara görə, 2030-cu ilə qədər data mərkəzlərinin əlavə enerji ehtiyacının yarısını günəş, külək və hidroenerji təmin edəcək. Bu, həm rəqabət qabiliyyətini artıracaq, həm də dayanıqlılığa yeni nəfəs gətirəcək.

40 %-dən çoxunu isə hələ də təbii qaz və kömür təmin edəcək. Lakin bərpa olunan elektrik enerjisi istehsalının davamlı artımı ilə bərabər, nüvə elektrik enerjisi istehsalının da artması 2035-ci ilə qədər data mərkəzlərinin ehtiyacları üçün kömürdən istifadə edən elektrik enerjisi istehsalının mütləq azalmasına səbəb olacaq.

Rəqəmsal infrastrukturun "yaşıl gələcəyi"

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının eksperti Elvin Aslanov "Report"a bildirib ki, ölkədə fəaliyyət göstərən data mərkəzlərində də ekoloji təhlükəsiz soyutma sistemlərinin tətbiqi arzuolunandır: "Bu gün Azərbaycanda faəliyyət göstərən data mərkəzlər üçün PUE (Power Usage Effectiveness) göstəricilərinin azaldılması ən aktual mövzulardan biridir. Bərpa olunan enerji mənbələrinin də soyutma avadanlıqlarının qidalandırılmasına yönəldilməsi müəssisələrin enerji yükünü azaldır və PUE göstəricilərinin yaxşılaşmasına zəmin yaradır".

Onun sözlərinə görə, data mərkəzləri üçün soyutma sisteminin seçimində əsas məqam onun hesablama avadanlıqlarının istismar dövrünə mənfi təsir göstərməməsidir: "Bu gün "free cooling" (frikulyasiya - təbii hava soyutması) sistemləri, yaş divar (su ilə isladılmış kartonların arasından daxil olan çöl havası yaş məsamələrdən keçərkən 5-7 dərəcə aşağı düşür) və ya quru soyuduculardan istifadə soyutma xərclərinin optimallaşdırılmasına əhəmiyyətli təsir göstərsə də özü ilə digər problemlər gətirir. Əvvəla bu tip soyutma sistemləri yalnız havanın temperaturunun 25 dərəcə və daha az olan dövrlərində effektiv olur. Yəni daha yuxarı temperaturlarda hesablama avadanlıqlarının soyudulması mümkün olmur.

Digər tərəfdən çöldəki hava ilə təmasda olan hesablama avadanlıqları daha tez tozlanmaya və nəmlənməyə məruz qalır ki, bu da onların ömrünü qısaldır. Bu zaman təbii aralıq filtrlərin istifadəsi də tozlanmanın qarşısını tam ala bilmir. Filtr sıxlığının artırılması isə öz növbəsində avadanlıqlara daxil olan hava axınını zəiflədir.

Bəzən data mərkəzlərdə birbaşa çöl havası ilə soyuyan avadanlıqlara havanın düzgün çatdırılması və paylanması üçün pərlərdən istifadə olunur. Çöl havasının temperaturunun artması isə hava pərlərini daha sürətlə işləməyə və avadanlıqlara daha çox hava axını ötürməyə ehtiyac yaradır. Bu da enerji effektivliyi baxımından ənənəvi HVAC (isitmə, havalandırma və kondisioner sistemlərini birləşdirir) sistemlərindən çox da fərqlənmir".

Özəl investisiyalar yeniliklərin tətbiqini sürətləndirə bilər

E.Aslanov hesab edir ki, xərclərə qənaət və əlavə enerji resurslarına çıxış imkanını genişləndirmək üçün data mərkəzlərində kiçik İstilik Elektrik Mərkəzlərinin (İEM) yaradılması artıq zərurətdir. Onun sözlərinə görə, ən dayanıqlı və stabil enerji mənbəyi, şübhəsiz ki, ölkənin enerji sistemidir:

"Lakin yeni nəsil data mərkəzləri üçün yalnız bu mənbəyə güvənmək kifayət etmir: avtonom enerji təminatı və istilik istehsalı sahələrinin yaradılması həm təbii resursların özəl investorlar tərəfindən səmərəli emalına, həm də enerji sektoruna əlavə kapital axınına şərait yarada bilər:.

Mütəxəssis qeyd edir ki, bəzi hallarda enerji resurslarının saxlanması onları emal etməkdən daha baha başa gəlir. Buna görə də data mərkəzlərinə özlərinə məxsus kiçik İEM-lər qurmaq imkanı yaratmaq həm resurslardan daha səmərəli istifadə etməyə, həm də ümumi enerji sistemini dəstəkləməyə imkan verəcək. Bu yanaşma yeni nəsil data mərkəzi ekosisteminin formalaşmasına xidmət edən mühüm addımlardan biridir.

E.Aslanovun fikrincə, Azərbaycanda data mərkəzlərinə özəl investisiyaların cəlbi bu sektorun inkişafına dinamizm qazandıra bilər. Bu, həm bürokratik maneələrin azalmasına, daha çevik qərarların qəbuluna, həm də beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə şərait yaradacaq. Xüsusilə xarici investorların iştirakı qeyri-neft sektorunun inkişafına, ölkəyə əlavə valyuta gətirilməsinə və innovasiya ekosisteminin güclənməsinə mühüm töhfə verə bilər.

"Data mərkəzlərinə özəl investisiya - Azərbaycanın rəqəmsal iqtisadiyyatının sürətini, təhlükəsizliyini və dayanıqlılığını birbaşa müəyyən edən açar mexanizmdir", - deyə ekspert bildirir.

Onun fikrincə, paylanmış data mərkəzi modeli informasiya təhlükəsizliyini artırır, rəqabətli bazar iştirakçılarının formalaşmasına imkan yaradır və ümumilikdə daha dinamik inkişaf tendensiyası formalaşdırır. Dövlət-özəl tərəfdaşlığı modelinin genişləndirilməsi isə bu prosesləri daha da sürətləndirə bilər.

Data mərkəzlərində ekoloji tarazlıq kritik mərhələdədir

Süni intellektin genişlənməsi, məlumat axınlarının artması və "yaşıl enerji"yə keçid data mərkəzlərinin rolunu tamamilə dəyişdirib. Onlar sadə məlumat saxlama məntəqələrindən yüksək sıxlıqlı, mürəkkəb, çoxqatlı ekosistemlərə çevrilir. Müasir AI çipləri ilə təchiz olunan serverlər əvvəlkilərlə müqayisədə on dəfələrlə çox enerji sərf edir və kondisionerlərin soyuda bilməyəcəyi qədər böyük istilik emissiyası yaradır.

Bu səbəbdən operatorlar bəzən hava soyutmasının kifayət etmədiyi hallarda 3 000 dəfə effektiv hesab edilən su soyutmasına keçməli olurlar. Statistikalar isə heyrətamizdir: orta ölçülü bir data mərkəzi ildə 110 milyon qallon su istifadə edir - bu, təxminən 1 000 ailənin illik su sərfiyyatına bərabərdir. Böyük data mərkəzlər isə gündə 5 milyon qallon, ildə isə təxminən 1,8 milyard qallon su sərf edə bilər. Bu, 10-50 min nəfərlik bir şəhərin su istehlakı ilə müqayisə ediləcək səviyyədir.

Bu reallıq fonunda dünyadakı şirin suyun cəmi 0,5 %-inin insan istehlakı üçün yararlı olması vəziyyəti daha da çətinləşdirir. Qlobal iqlim dəyişiklikləri, artan quraqlıq və su çatışmazlığı fonunda data mərkəzlərinin sürətlə genişlənməsi su ehtiyatlarına ciddi təzyiq yaradır.

Azərbaycanın məhdud şirin su ehtiyatları və bir çox bölgələrdə yüksək yay temperaturu bu məsələnin ölkə üçün də aktual olduğunu göstərir. E.Aslanov çıxış yolu kimi içməli su əvəzinə texniki suyun istifadəsini, Əks osmos (Reverse osmosis) sistemləri vasitəsilə texniki suyun təmizlənərək soyutma sistemlərinə ötürülməsini və suyun yığılaraq yenidən istifadə olunması praktikasını təklif edir.

O bildirir ki, 10 MVt gücündə data mərkəzi üçün 2 000 kubmetrlik su rezervuarının yaradılması fasiləsiz su təchizatı mümkün olmadıqda belə soyutma sistemlərinin bir neçə gün ərzində problemsiz işləməsini təmin edə bilər.

Ekspert həmçinin bir çox ölkədə serverlərin əmələ gətirdiyi izafi istiliyin yenidən istifadə olunmasını - istixanaların və yaşayış binalarının qızdırılmasını - səmərəli model kimi göstərir. Lakin burada məsafə, texniki uyğunluq və təhlükəsizlik amillərinin nəzərə alınması zəruridir.

Data mərkəzləri intellektual infrastruktura çevrilir

Süni intellekt artıq infrastrukturun istehlakçısı olduğu kimi, həm də, o sektorun bütün inkişaf xəritəsini dəyişən strateji qüvvəyə çevrilib. Yeni model sinifləri, o cümlədən AGI (Artificial general intelligence, ümumi süni intellekt), avtonom AI sistemləri və kvant gücləndirilməli maşın öyrənməsi modelləri kimi yeni texnologiyalar meydana çıxdıqca data mərkəzlərinin avadanlıq sıxlığı, enerji tələbatı və soyutma standartları misilsiz dərəcədə yüksələcək.

Bununla yanaşı, data mərkəzlərinin gələcəyi dayanıqlı inkişafla ayrılmaz surətdə bağlıdır. Emissiyaların azaldılması, enerji səmərəliliyinin artırılması və su istehlakının məsuliyyətli idarə olunması artıq operatorlardan tələb edilən əsas şərtlərdir. Etibarlı, çevik və davamlı infrastruktur iqtisadiyyatın bütün sahələrində rəqəmsal artımın fundamentidir.

E.Aslanov bildirir ki, Azərbaycanın regionun ən böyük data mərkəzinə çevrilməsi üçün bu gündən həm infrastruktur, həm də insan kapitalı baxımından hazırlıq aparılmalıdır: "Data mərkəzləri ilə ali təhsil müəssisələri arasında sinerji yaradılması, İT mütəxəssislərinin bu mərkəzlərin resurslarından laboratoriya kimi istifadə edə bilməsi, işçi heyətin tələbələrlə təcrübə bölüşməsi gələcəyin əsas strateji addımlarıdır".

Son xəbərlər

Bütün Xəbər Lenti