Azərbaycan 2025-ci ildə "Şərq Tərəfdaşlığı" ölkələrinin Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsinə (EaPeReg) sədrlik edəcək.
“Report” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin məlumatına istinadən xəbər verir ki, bununla bağlı qərar ötən həftə Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən “EaPeReg”nin 23-cü plenar iclasında qəbul edilib.
Bildirilir ki, iclasda “EaPeReg”in builki sədri Moldova və sədr müavini Rumıniyanın tənzimləyici qurumlarının təmsilçiləri tərəfindən 2024-cü ilin əvvəlindən görülən işlər barədə məlumat verilib. Həmçinin şəbəkənin işçi qrup rəhbərləri tərəfindən görülən fəaliyyətlə bağlı hesabatları dinlənilib. Şəbəkənin İş Planı tədbir iştirakçılarının nəzərinə çatdırılıb.
Tədbirdə 15 ölkənin telekommunikasiya üzrə tənzimləyici qurumu, Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), Avropa Elektron Rabitə Tənzimləyiciləri Qurumu (BEREC) və Avropa Aralıq dənizi Tənzimləyicilər Qrupundan (EMERG) 40-dan çox nümayəndə iştirak edirdi.
Xatırladaq ki, “EaPeReg” 2012-ci ildə “Şərq Tərəfdaşlığı” ölkələrinin elektron rabitə tənzimləyiciləri üçün yaradılmış şəbəkədir. Platformada Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna iştirakçı ölkələr olaraq fəaliyyət göstərirlər. Rumıniya, Macarıstan, Çexiya, İrlandiya tənzimləyici qurumlarının rəhbərliyi isə fəal şəkildə şəbəkənin işində iştirak edən ölkələrə dəstək verir.