Azərbaycanda özəl şirkətlər dövlət xidmətlərini dövlət təşkilatlarından və publik hüquqi şəxslərdən daha yaxşı təmin edirlər.
"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədr müavini Rəşad Xalıqov İRİA-nın illik fəaliyyətinə həsr olunmuş hesabat tədbirində deyib.
"Gələn il üçün gözləndiyimiz yeniliklərdən biri "açıq hökumət"in formalaşmasıdır. Bu, özündə iki təşəbbüsü ehtiva edir. Bunlardan biri açıq məlumatlılıq portalının genişləndirilməsidir ki, burada da dövlətə aid açıq məlumatların təqdim edilməsi, eyni zamanda açıq hökumətin özündə dövlət xidmətlərini özəl şirkətlərin təqdim etməsi nəzərdə tutulur. Konsepsiya özündə onu ehtiva edir ki, əgər dövlət xidmətlərini özəl şirkətlərin təmin etməsi mümkündürsə, bu xidmətləri elə özəl sektor göstərsin. Bunun mahiyyəti ondan ibarətdir ki, özəl şirkətlər vətəndaş-istifadəçi təcrübəsini praktikada dövlət təşkilatlarından və publik hüquqi şəxslərdən daha yaxşı təmin edirlər. Burada ideya həm də ondan ibarətdir ki, özəl təşkilatlar öz istifadəçilərinə dövlət xidmətlərini özlərinin dizayn etdiyi yeni əlavə dəyər formalaşdıraraq təqdim etsinlər. Bundan başqa, kağızsız hökumətdə də layihələrimizi genişləndiririk. Bu il bir neçə dövlət orqanı kağızsız hökumət çərçivəsində müəyyən layihələr icra edib", - deyə o qeyd edib.