Yuxarı

"Xəzər adaları"nda tikilən binalardakı mənzillərin qiymətləri açıqlanıb

​Hacı İbrahim Nehrəmli aparıcı KİV rəhbərləri ilə görüşüb

Bakı. 10 aprel. REPORT.AZ/ "Xəzər adaları" ("Khazar İslands") ümumilikdə 78 süni adadan ibarət olacaq ki, hazırda onlardan beşi yaradılıb, birində isə binalar inşa olunur. Bu günə kimi layihənin həyata keçirilməsinə 1 milyard 157 milyon dollar vəsait xərclənib". "Report" xəbər verir ki, bunu "Avesta Concern"in prezidenti, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli Azərbaycanda fəaliyyət göstərən KİV rəhbərləri və nümayəndələri ilə görüşündə deyib.

İş adamı sadalanan vəsaitin cəmi 57 milyon dollarının Azərbaycan Beynəlxalq Bankının verdiyi kredit olduğunu, qalan məbləğin isə özünün şəxsi vəsaiti olduğunu bəyan edib: "Xəzər adaları"nda salınan şəhərin birinci mərhələsini başa çatdırmaq üçün əlavə 2 milyard dollara ehtiyac var. Əgər 2 milyard dollar da olsa, ən geci 2020-ci ilədək birinci mərhələdə nəzərdə tutulan tikinti işləri başa çatacaq. Birinci adadakı mənzillərin və obyektlərin satışından 7-10 milyard dollar gəlir əldə ediləcəyi gözlənilir ki, buradan əldə olunan gəlirlə növbəti adalar tikiləcək. Bu isə o deməkdir ki, "Xəzər adaları"nda işləri davam etdirmək və tamamlamaq üçün cəmi 2 milyard dollara ehtiyacı var".

Ümumilikdə layihənin 100 milyard dollara başa gələcəyini bildirən Hacı İbrahim Nehrəmli bu vəsaitin bir dəfəyə deyil, mərhələli şəkildə, bir adadan qazanılan pulun növbəti adanın tikintisinə sərf edilməsi ilə işlərin davam etdirilməsinin nəzərdə tutulduğunu söyləyib: "Hazırda tikinti işləri aparılan birinci adada gələn ildən yaşayışa başlanılacaq. Hazırda binaların fasadının şüşələnməsi işləri aparılır. Gələn il birinci adada 6-7 min nəfər yaşaya biləcək. Birinci adada hazırda tikilən binalardan başqa tikiləcək digər binaların 50 faizinin özülü qoyulub. Hazırda tikilməkdə olan binalar başa çatdıqdan sonra özülü qoyulan binaların tikintisi başlayacaq. Birinci adada gələcəkdə 60 min insanın yaşaması nəzərdə tutulub".

O, yerli iş adamlarını çəkinmədən “Xəzər adaları”na sərmayə yatırmağa çağırıb: "Bizim bəzi iş adamları əllərində olan pulu aparıb Türkiyədə, Birləşmiş Ərəb Əmirliklərində və başqa dövlətlərə yatırırlar. Arzu edərdik ki, onlar da öz vəsaitlərinin bir hissəsini bu layihəyə yatırsınlar. Biz burada 50 faiz qazanc olacağına zəmanət veririk. Biz Bakı şəhərində də bina tikirik, amma bu qədər qazanmırıq”.

Şəhərdəki binalardan mənzillərin satışına başlanıldığını söyləyən şirkət prezidenti qeyd edib ki, hazırda mənzillərin 1 kvadrat metri 5000 dollara satılır: "Burada yaşayan evindən bulvara, ticarət küçəsinə çıxa biləcək. Şəhərdə bütün infrastruktur qurulacaq. Qranitdən salınacaq yolların altı qaraj olacaq. Hər məhəllənin məktəbi, bağçası, idman zalı, çimərliyi və digər infrastrukturları olacaq. Tikilən mənzillər təmirli, mebeli ilə birlikdə təhvil veriləcək. Bu işlərə görə qiymət 5000 dollardır. Belə bir şərait heç bir yerdə yoxdur. Bu gün qiymətlər 5000 dollardır, iki ildən sonra isə ən azı 7000 dollar olacaq. Hazırda 200 ev satılıb. Layihəyə xaricilər daha çox maraq göstərirlər, 200 evdən 180-ni də məhz xaricilər alıblar. Mənzillər şirkət üzərindən illik 4 faiz dərəcəsi ilə 15 ilədək ipoteka ilə də satılır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi