Yuxarı

Azərbaycan ŞƏT ölkələrinin beynəlxalq avtomobil daşımaları üzrə sazişinə qoşula bilər

​Azərbaycan ŞƏT ölkələrinin sazişinə qoşula bilər
© ШОС

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev 2-ci Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Baş katibi Vladimir Norov ilə əməkdaşlığın genişləndirilməsi məsələsini müzakirə edib.

"Report" un ŞƏT-in saytına istinadən xəbər verir ki, görüşdə baş katib qurumla Azərbaycan arasında terrorizm və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə, ticari-iqtisadi və mədəni əlaqələrin, nəqliyyat əlaqələrinin, rəqəmsallaşdırma və elektron ticarətin, eləcə də turizmin inkişafı kimi sahələrdə əməkdaşlığın intensivləşdirilməsinin vacibliyinə diqqət çəkib.

V.Norov həmçinin ŞƏT-ə üzv dövlətlər müşahidəçi və dialoq tərəfdaşlarının təşkilatın saziş və razılaşmalarına qoşulması məsələsini nəzərdən keçirdiklərini deyib.

Qeyd olunur ki, Azərbaycan bu gün ŞƏT-in müşahidəçi ölkəsi olan Belarusun qoşulduğu beynəlxalq avtomobil daşımaları üçün əlverişli şərait yaratmaq barədə ŞƏT üzvü olan dövlətlərin hökumətləri arasında imzalanan sazişə qoşulmaq üzrə işə başlaya bilər.

Bununla yanaşı, baş katib ŞƏT-in gənclərlə iş təcrübəsini yaymaq məqsədi ilə Azərbaycan universitetlərində tələbələr arasında “ŞƏT modeli” oyununun keçirilməsini təklif edib.

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Azərbaycan ilə ŞƏT arasında müsbət inkişaf edən əlaqələri vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan təşkilatla əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır və əməkdaşlığın qarşılıqlı maraq doğuran bütün sahələrində öz töhfəsini verəcək. O, siyasi sahədə, həmçinin müxtəlif mədəni layihələrin həyata keçirilməsində sıx əməkdaşlığı yüksək qiymətləndirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi