Bakı. 11 fevral. REPORT.AZ/
Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində Xocalı soyqırımı ilə bağlı “dəyirmi masa”ların, konfrans, toplantı və xüsusi məşğələlərin, kitab, foto və rəsm sərgisinin təşkili, Həzi Aslanov adına Mərkəzi, eləcə də Gəncə Qarnizonu Zabitlər evləri kollektivlərinin iştirakı ilə faciəyə həsr olunan ədəbi-bədii kompozisiya və tamaşaların, sənədli və bədii filmlərin nümayiş etdirilməsi nəzərdə tutulub.
Tədbirlərdə Xocalı soyqırımı qurbanlarının ailə üzvləri, hadisələrin iştirakçıları ilə şəxsi heyətin görüşlərinin təşkili, həmçinin Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban verənlərin xatirəsinə ucaldılmış abidələrin ziyarət olunması planlaşdırılıb.
Bundan əlavə, şəxsi heyət Bakı şəhərinin Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində, eləcə də respublikanın digər şəhər və rayonlarında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələri ziyarət edəcək.
Fevralın 26-da saat 17.00-da Müdafiə Nazirliyinin tabeliyində olan bütün birlik, birləşmə, hərbi hissə, idarə, təşkilat və xüsusi təyinatlı təhsil müəssisələrində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.