İyunun 4-də Ermənistan Müdafiə Nazirliyinin rəsmi mətbuat orqanı olan «hayzinvor.am» saytında yerləşdirilmiş materialda Ermənistan Silahlı Qüvvələrinin Ermənistanın şimal-şərqində Azərbaycan Respublikası ilə dövlət sərhədində yeni döyüş mövqeyinin yaradılması qeyd edilib.
Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
Bununla əlaqədar DSX rəsmi olaraq bildirib ki, Qazax və Ağstafa rayonları ərazisində Azərbaycan-Ermənistan dövlət sərhədindən keçən təmas xəttində, Azərbaycan və Ermənistan döyüş mövqeləri arasında Ermənistan tərəfinin öz mövqelərini irəli çəkməklə hər hansı yeni döyüş mövqeyi əldə etməsi barədə məlumat həqiqətə tam ziddir.
"Əksinə, Dövlət Sərhəd Xidmətinin sərhəd-döyüş mövqelərinin irəli çəkilməsi nəticəsində düşmənin bir sıra istiqamətlərdə müxtəlif diversiya və təxribatlar törətmək imkanları ciddi məhdudlaşdırılıb", - məlumatda bildirilib.