Bakıda Vətən müharibəsi iştirakçısı şəhid Samir Əliyevin büstünün açılış mərasimi keçirilib.
"Report" xəbər verir ki, mərasim Samir Əliyevin təhsil aldığı Bakı şəhər 55 saylı tam orta məktəbdə keçirilib.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Anar Məmmədov, məktəbin müəllim və şagird kollektivi, şəhidin ailə üzvləri, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib.
Açılışdan öncə büstün önündə məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.
Sonra xatirə büstünün açılışı olub. Tədbir iştirakçıları Şəhid Samir Əliyevin uşaqlıq və hərbi xidmətdə olduğu dövrə aid olan fotoları ilə tanış olublar.
Çıxışçılar S.Əliyevin qəhrəmanlıq həyatından, döyüş yolundan və 44 günlük Vətən müharibəsində şanlı ordumuzun qələbəsindən bəhs ediblər.
Qeyd edək ki, Samir Əliyev Sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində qəhrəmancasına iştirak edərək "Ağ Uçuq" istiqamətində gedən döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib, düşmən tankını geri çəkilməyə məcbur edib. Elə həmin döyüşdə də yaralanıb. Ancaq yaralı olmasına baxmayaraq, döyüşə davam edib, öz yaralı yoldaşlarını xüsusi taktika işlədərək mühasirədən çıxarıb və həmin döyüşdə də qəhrəmancasına şəhid olub.
S.Əliyev oktyabrın 15-də İkinci Fəxri xiyabanda dəfn edilib.
Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.