"Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə döyüş atışlı birgə taktiki təlimlərini hər iki ölkənin hərbçiləri arasında uzun illərdir davam edən əməkdaşlığın məntiqi nəticəsi və fövqəladə bir təlim kimi qiymətləndirirəm".
"Report" xəbər verir ki, bunu Bakıda təşkil olunan "Mustafa Kamal Atatürk-2019" Azərbaycan-Türkiyə döyüş atışlı birgə taktiki təlimlərində iştirak edən Türkiyə qrupunun rəhbəri polkovnik Murat Dirik söyləyib.
Onun sözlərinə görə, təlimlər iki ölkə hərbçilərinin birgə çalışması, qarşılıqlı anlaşmanın təmin olunması və hərbi texnikanın mənimsənilməsi baxımından çox faydalıdır: "Bura motorlu piyada bölüyünün 85 nəfərlik heyətilə gəldik. Gəldiyimiz gündən indiyə qədər Azərbaycan xalqının, Azərbaycan Silahlı Qüvvələrinin bizə göstərdikləri diqqətdən son dərəcə məmnunuq. Bu bizim dostluq və qardaşlığımızın dərin köklərə bağlı olmasının göstəricisidir".
Qeyd edək ki, mayın 1-də start götürən təlimlər bu gün başa çatacaq. Oxşar təlimlər 2013, 2015 və 2017-ci illərdə Azərbaycanda, 2014, 2016 və 2018-ci illərdə Türkiyədə keçirilib.