“Terrorçular”ın “işğal” etdiyi gəmi azad edilib, sahil ələ keçirilib – HDQ-nin təlimlərindən REPORTAJ 

“Terrorçular”ın “işğal” etdiyi gəmi azad edilib, sahil ələ keçirilib – HDQ-nin təlimlərindən REPORTAJ  “Təlimdə tər tökənin döyüşdə qanı tökülməz”, - deyirlər. Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı uğur bu ifadənin həqiqətə nə qədər yaxın olduğunu bir daha sübut edib. Azərbaycan Silahlı Qüvvələrinin qoşun və birliklərində ordunun döyüşə haz
Hərbi
22 İyun , 2024 11:41
“Terrorçular”ın “işğal” etdiyi gəmi azad edilib, sahil ələ keçirilib – HDQ-nin təlimlərindən REPORTAJ 

“Təlimdə tər tökənin döyüşdə qanı tökülməz”, - deyirlər. Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı uğur bu ifadənin həqiqətə nə qədər yaxın olduğunu bir daha sübut edib. Azərbaycan Silahlı Qüvvələrinin qoşun və birliklərində ordunun döyüşə hazır vəziyyətdə olması üçün mütəmadi təlimlər keçirilir, ordu müasir standartlara uyğunlaşdırılır. Ordunun təlim və tədrisində NATO, eləcə də bir sıra beynəlxalq standartlardan istifadə olunur. Vətən Müharibəsində yaxından iştirak edərək bir çox ərazilərin işğaldan azad olunmasında birbaşa rolu olan Hərbi Dəniz Qüvvələrinin (HDQ) mənsubları məhz bu təlimlərin nəticəsində istənilən relyefdə, həm quruda, həm də suda döyüş əməliyyatlarını lazımınca yerinə yetirə bilmək qabiliyyətinə malikdir. HDQ-də bu xüsusiyyətlərin formalaşmasında məhz ağır zəhmət tələb edən təlimlərin rolu böyükdür.

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 106-cı illiyi münasibəti ilə Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı mənsublarının real döyüş şəraitinə uyğunlaşdırılmış təlimini izləyirik.

Öncə şərti “terrorçular” tərəfindən “işğal” olunmuş gəminin azad olunması təlimini müşahidə edirik. Bir qrup Dəniz Xüsusi Təyinatlıları qayıqla işğal olunmuş gəmiyə doğru istiqamət götürür. Digər qayıq isə gəminin ətrafında dövrə vuraraq təhlükəsizliyi təmin edir. İki hissəyə bölünmüş qrupun bir hissəsi “işğal olunmuş” gəmiyə qalxır. Bir neçə dəqiqəlik əməliyyatdan sonra gəmi “işğaldan” azad edilir.

İkinci təlimdə xüsusi təyinatlılar kiçik saylı “düşmənlə” qarşılaşma tapşırığını icra edirlər. Ordu mənsubları əvvəlcə sağa və sola baxaraq təhlükənin olub-olmaması ilə bağlı müşahidələr aparırlar. Təhlükə yarandıqda havaya dron qaldırılır. İrəlidə şərti düşmənin olması ilə bağlı qrup komandirinə məruzə edilir. Xüsusi təyinatlılar bir cərgə ilə irəliyə doğru hərəkət edirlər. Düşmən sayı çoxaldıqca digər taktikaya keçilir. Onlar daimi atəş açaraq bir-birlərini əvəz edirlər. Xüsusi təyinatlılar şərti düşməni məhv edərək tapşırığı uğurla yerinə yetirirlər.

Növbəti təlim “düşmən sahilinə çıxış əməliyyatı” adlanır. Əməliyyatın məqsədi “düşmən” tərəfindən ələ keçirilmiş sahilin azad olunmasıdır. Dəniz xüsusi təyinatlıları əvvəlcədən ərazinin kəşfiyyatını apararaq sahilə hücuma hazırlaşırlar. Daha sonra qrupa sahilə daxil olmaları üçün komanda verilir. Qrup katerlərlə hədəfə doğru hərəkət edir. Ümumilikdə 12 nəfərdən ibarət olan heyət sahilə çıxaraq mövqe tutur, sonra iki qrupa bölünürlər. Qrupun biri digərini silah və sursatla təmin edir. Lazımı təchizatla təmin olunmuş digər qrup isə “işğal” olunmuş binanı düşməndən azad edir.

Hərbi Dəniz Qüvvələrinin Vətən Müharibəsində iştirak etmiş xüsusi təyinatlı mənsubu bildirir ki, HDQ-nin nəzdində olan xüsusi təyinatlı hərbi hissədə xidmət edir:


“Vətən Müharibəsinin iştirakçısıyam. Bu şanlı tarixin yazılmasında mənim və silahdaşlarımın adının keçməsi bizim üçün qürurvericidir. Keçdiyimiz təlimlərin və kursların nəticəsi idi ki, müharibədə elə də böyük çətinliklə qarşılaşmadıq. Torpaqlarımız işğal olunan zaman – 30 il bundan əvvəl mənim 6-7 yaşım olardı. İnanmazdım ki, ərazilərimizin işğaldan azad olunmasında iştirak edə bilərəm. Vətən Müharibəsində biz qruplar şəkilində hərəkət edirdik. Əsasən, Araz çayı boyu, Talışkənd istiqamətində hücuma hazırlaşmışdıq. İlk döyüşümüz Mübariz postunda olub. Sonra Araz çayı boyunca Qubadlı, Xudafərin körpüsünə qədər döyüşlərimiz davam edib. Qubadlı şəhərinin işğaldan azad olunmasında iştirak etmişik. Mən Vətən Müharibəsində xüsusi təyinatlı kəşfiyyat qrupunda fəaliyyət göstərmişəm”.

HDQ-nin digər xüsusi təyinatlı mənsubunun sözlərinə görə, istənilən şəraitdə verilən tapşırığı yerinə yetirməyə hazırdırlar. O vurğulayır ki, 2016-cı ildə Aprel döyüşlərində, eləcə də 44 günlük Vətən Müharibəsində fəal iştirak ediblər. Xüsusi təyinatlı mənsub müharibə zamanı düşmən arxasına keçərək strateji obyektlərin koordinatlarını ötürüb həmin hədəflərin artilleriya tərəfindən vurulması vəzifəsini icra etdiyini deyir.

“Müharibədə başlıca vəzifəm strateji hədəflərin koordinatlarını ötürərək ordunun irəliləməsinə dəstək göstərmək olub. Bu döyüş təcrübələrini ölkə ərazisində və xaricdə keçdiyimiz təlimlərlə qazanmışıq. Bir neçə gün bundan əvvəl Türkiyədə “Efes” təlimi baş tutdu. Bu təlimdə HDQ-nin mənsubları Azərbaycanı layiqincə təmsil etdilər. Daha sonra snayper yarışları oldu. Bu yarışlarda da bizim mənsublar yüksək nailiyyət əldə etdilər. Vətən Müharibəsində bizim döyüş yolumuz Talışkənd istiqamətindən başlayıb. Sonra Cəbrayıl, Füzuli, Qubadlı və Xocavənd istiqamətində hərəkət etmişik. Arazboyu ərazilərin, həmçinin Qubadlı şəhərinin alınmasında HDQ-nin Dəniz Xüsusi Təyinatlılarının rolu böyükdür,” - hərbçi deyib.

Bir neçə hərbiçi ilə söhbətimizi yekunlaşdırdıqdan sonra HDQ-nin Dəniz Piyadalarının təlimini izləmək üçün sıra meydanına yollanırıq. Təlim başlayır, əvvəlcə xüsusi vasitələrdən istifadə edən döyüşçülər real döyüş səhnəsini canlandırırlar. Silah və sursatla təchiz olunmuş ordu mənsubları şərti düşmənin üzərinə hücum edirlər. İçərisində silahlı “düşmən” olan yük avtomobillərinə pusqu qurulur, “düşmənə” məxsus silah və sursat ələ keçirilir, şəxsi heyəti əsir götürülür.

HDQ-nin Dəniz Piyadalarının mənsubu deyir ki, onların Vətən Müharibəsində, eləcə də antiterror əməliyyatlarında rolu böyük olub. O, hər zaman döyüş tapşırığına hazır olduğunu bildirir.


“Biz müharibə və antiterror əməliyyatları zamanı bir çox döyüş tapşırığını yerinə yetirmişik. Ağdam istiqamətində, Fərrux dağı yüksəkliklərində düşmən postlarını, adsız yüksəklikləri ələ keçirmişik. Bu döyüşlərdə yeddi nəfər silahdaşımız qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb, həmçinin qazilərimiz də olub. Ali Baş Komandanın əmri ilə yenidən canımızdan, qanımızdan keçməyə hazırıq”, - hərbçi deyib.

Hərbi Dəniz Qüvvələrinin Dəniz Xüsusi Təyinatlılarının və Dəniz Piyadalarının təlimlərini izlədik. Müşahidələrimizdən belə qənaətə gələ bilərik ki, burada təlim və tədrisə lazımınca diqqət göstərilir, peşəkar hərbi qulluqçuların yetişməsində fəaliyyətlər davam edir. Azərbaycan Silahlı Qüvvələrinin digər qoşun və birlikləri kimi HDQ mənsubları da Vətən Müharibəsində, eləcə də antiterror əməliyyatında yaxından iştirak ediblər. Bu döyüşlərdə qazanılan uğur məhz HDQ-nin yerli və beynəlxalq təlimlərdə qazandığı təcrübənin nəticəsi idi. “Təlimdə tər tökənin döyüşdə qanı tökülməz” məsəlinin təlimləri izlədiyimiz zaman həqiqətə nə qədər yaxın olduğunu bir daha müşahidə etdik.

Son xəbərlər

Orphus sistemi