Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 25 yanvar 2021-ci ildən digər iş və xidmətlərlə yanaşı, muzey və sərgi zallarının da fəaliyyəti bərpa edilib.
Yanvarın 25-də Müdafiə Nazirliyinin təşkilatçılığı ilə respublikamızın ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən şəxsi mərdlik, igidlik, cəsarət və fədakarlıq göstərərək düşmənin əsas qruplaşmalarının və döyüş texnikasının məhv edilməsində fərqlənən bir qrup tankçı, eləcə də, şəhid tankçıların ailə üzvləri, qazilər, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun doğulub boya-başa çatdığı Lənkəran şəhərinə səfər edərək əfsanəvi sərkərdənin abidəsini, həmçinin ev muzeyini ziyarət ediblər.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində Həzi Aslanov adına Xatirə parkında görkəmli hərbi xadimin abidəsi qarşısına əklil qoyaraq xalqımızın qəhrəman oğlunun, həmçinin şəhidlik zirvəsinə ucalan vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.
Məlumat verilib ki, bu möhtəşəm abidə şəxsən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb və ötən əsrin 80-ci illərinin əvvəllərində qəhrəmanın anadan olduğu Lənkəran şəhərində təntənəli açılışı keçirilib.
Monumental sənət əsərinin müəllifi əslən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərindən pərvazlanan keçmiş sovetlər birliyinin tanınmış heykəltaraşı Əməkdar incəsənət xadimi, xalq rəssamı Cəlal Qaryağdıdır.
İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ev muzeyinin qarşısında ziyarətçıləri Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli və muzeyin əməkdaşları qarşılayıblar. V.Nəsirli “Dəmir Yumruq” əməliyyatının - 44 günlük Vətən müharibəsinin iştirakçıları olan Azərbaycan Ordusunun igid tankçılarını, tankçı şəhidlərin ailə üzvlərini, tankçı qaziləri salamlayaraq, qəhrəman Həzinin ata ocağında onlarla birlikdə olmaqdan qürur duyduqlarını bildirib.
“Covid-19” ilə bağlı fəaliyyəti müvəqqəti olaraq dayandırılmış muzeyin əməkdaşları bu gün ilk qonaqlarının məhz müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında döyüş meydanlarında misilsiz şücaət göstərən Həzi kimi unudulmaz qəhrəmanların davamçıları olduğundan çox seviniblər.
Həzi Aslanovun 8 yaşında əkdiyi innab ağacının qarşısındakı qəhrəmanın büstü önünə Vətən müharibəsinin iştirakçıları adından əklil qoyulub, Həzi Aslanovun və bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin layihə müəllifi Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani anım mərasimini açıq elan edərək Həzi Aslanovun hər bir vətən əsgəri üçün örnək olan şərəfli ömür və döyüş yolundan geniş söhbət açıb. Həzi Aslanovun ölkəmizdə, eləcə də, keçmiş sovetlər birliyinin ayrı-ayrı respublikalarında, şəhərlərində adının əbədiləşdirilməsi, döyüş yolunun təbliği istiqamətində xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətləri xatırlanıb və bu ənənələrin bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilib.
Qeyd olunub ki, Azərbaycanın şanlı hərb tarixinə “Zəfər ili” kimi daxil olan 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin “Həzi Aslanovun 100 illiyi haqqında” Sərəncamından irəli gələn vəzifələr Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələri, o cümlədən respublikanın mədəniyyət və təhsil ocaqlarında uğurla həyata keçirilib. Müdafiə Nazirliyinin tədbirlər planına əsasən təşkil olunan bir çox mədəni kütləvi tədbirə Həzi Aslanovun ev muzeyi ev sahibliyi edib və bu tədbirlərdə gənclər qəhrəmanın həyat və döyüş yolu barədə ilk dəfə yeni-yeni məlumatlarla tanış olublar.
Vətən müharibəsində xidmətlərinə görə beş medalla təltif olunan tank bölüyü komandiri baş leytenant Ayaz Heydərli digər qoşun növlərinin şəxsi heyətləri ilə yanaşı, tankçıların da Böyük Zəfərin qazanılmasında müstəsna xidmətləri olduğunu vurğulayıb, şəhid silahdaşlarının adlarını iftixarla çəkib.
Ölümündən sonra “İgidliyə görə”, "Vətən Uğrunda", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və digər döyüş medalları ilə təltif olunan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu şəhid Fariz Zülfüqarzadənin atası Fərhad Zülfüqarzadə hər bir tankçının simasında şəhid oğlunu gördüyünü və onunla qürur duyduğunu bildirib.
Keçən il Beynəlxalq Hərb Oyunları çərçivəsində Moskvada keçirilən və dünyanın 40-dan çox ölkəsinin hərbçilərinin qatıldığı "Tank Biatlonu” müsabiqəsində 2-ci yeri tutan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, tank heyətinin tuşlayıcı-operatoru Pərvin Həsənovun çıxışı tədbir iştirakçılarına duyğulu anlar yaşadıb. "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunan igid tankçı deyib: "Şəhidlərimizin qisasını alsam da, təəssüf edirəm ki, üzərində Həzi Aslanovun adını yazdığımız tankla Şuşaya gedib çata bilmədim. Ağır yaralandım və döyüşlərdə qolumu itirdim". Bu gün qəhrəman Həzinin ocağına qalib ordunun qalib əsgəri, qalib dövlətin qalib vətəndaşı kimi gəlmişəm. Bu mənim xoşbəxtliyimdir, ən böyük mükafatımdır”.
Tank taqımı komandiri gizir Fuad Zeynalov Prezident Sərəncamı ilə "Cəsur Döyüşçü", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub. Cəlilabadın Göytəpə şəhərindən olan bu gənc tədbirdə özünün igidlikləri barədə deyil, tank sürücü-mexaniki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Vüqar İbadov haqqında danışıb: "Tankçı olmaq Vüqarın uşaqlıq arzusu idi. O, həmişə deyərdi ki, mən Həzinin davamçısı olmaq, onun faşistlər üzərindəki qəhrəmanlıqlarını torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə təkrarlamaq istəyirəm. Vüqar arzusuna çatdı və möhtərəm Prezidentimiz də onun xidmətlərini yüksək qiymətləndirdi. O, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olundu. Keşkə Vüqar da bu gün Həzi ocağında keçirilən bu vətənpərvərlik tədbirində bizimlə bir yerdə olaydı. Bircə təsəllim ondadır ki, o, arzusuna çatdı. Həzi Aslanovun faşistlər üzərində qəhrəmanlıqlarını torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə təkrarladı və şəhidlik zirvəsinə ucaldı. İndi mən və tankçı qardaşlarım onun kimi şəhid oğulların yarımçıq ömürlərini də öz ömürlərimizə qatıb yaşatmalıyıq və yaşadırıq da", - deyərək Fuad Zeynalov kövrəlib. Sonra məlum olub ki, Vüqarla Fuadın soyadları fərqli olsa da onlar doğma qardaşdırlar.
Lənkəran rayon Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Cəfərzadə qonaqları Lənkəran gəncləri adından salamlayaraq onlarla fəxr etdiklərini bildirib və bir daha onları möhtəşəm qələbə münasibətilə təbrik edib.
M.Cəfərzadə nəzərə çatdırıb ki, müharibənin ilk günlərindən bütün xalqımız kimi lənkəranlılar da bir nəfər kimi Ali Baş Komandanın ətrafında daha sıx birləşərək həm arxa, həm də ön cəbhədə qələbə naminə səylərini əsirgəməyiblər. Yüzlərlə lənkəranlı gənc bu torpaqdan pərvazlanan Həzi Aslanovun, Baloğlan Abbasovun və yüzlərlə qəhrəmanın igidliklərini təkrarlayaraq torpaqlarımızın işğaldan azad olunması uğrunda bütün cəbhələrdə fədakarlıqlar göstəriblər. Bu gün də lənkəranlı gənclər Azərbaycan naminə Ali Baş Komandanın hər bir əmrinə, hər an hazırdırlar.
Cəbrayıl uğrunda döyüşlərdə ağır yaralanmış tank komandiri gizir Rəşad Feyzullayev artıq müalicəsini başa vurub və bu günlərdə yenidən silahdaşlarının yanına qayıdacağını və o günü səbirsizliklə gözlədiyini dilə gətirib.
Tank komandiri gizir Elvin Müseyibov (Cəbrayıl azad olunan gün ağır yaralansa da, həmin gün təkidlə xəstəxananı tərk edərək yenidən döyüşlərə qayıdıb), tank heyətinin texniki baş gizir Xəyyam Ələkbərov və tank heyət üzvləri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Elbrus Qaraxanov, Fərid Əliyev, Şücaət Abdullazadə və başqalarının çıxışları, xatirələri maraqla qarşılanıb. Onlar Həzi Aslanovun davamçıları kimi Vətən müharibəsində iştiraklarından qürur duyduqlarını fəxrlə qeyd ediblər. Qəhrəman sərkərdənin nəvəsi polis zabiti Emin Aslanov işğaldan azad edilmiş tarixi Azərbaycan torpaqlarından Həzi Aslanovu ziyarətə gələn igid tankçıların bu gəlişləri ilə Həzinin ata ocağına yeni canlanma gətirdiklərini qeyd edib və onlara minnətdarlığını bildirərək bundan sonrakı xidmətlərində uğurlar arzulayıb.
Görkəmli sərkərdə Həzi Aslanovun xatirəsinə həsr olunmuş fotosərgi ilə tanışlıqdan sonra muzeyin direktoru Cəmilə Şərifovanın bələdçiliyi ilə ziyarətçilər ev muzeyinin ekspozisiyası ilə tanış olublar. Qəhrəmanın həyat və döyüş yolunu əks etdirən foto, sənəd və digər nadir eksponatlar haqqında geniş və ətraflı məlumat verilib.
Muzey direktoru sonuncu otaqda Həzi Aslanovun yadigar gimnastyorkasını ziyarətçilərə təqdim etdikdən sonra keçən ilin yanvar ayında əfsanəvi sərkərdənin xatirə günündə Aprel döyüşlərinin iştirakçısı, Lələtəpə fatehlərindən olan igid tankçı baş gizir Paşa Mehtiyevin tankçılar adından muzeyə bağışladığı Azərbaycan Ordusunun tankçı geyimini də təqdim etməyi unutmayıb. “Yəqin ki, Paşa Mehdiyev də sizin sıralarınızdadır” deyə soruşanda bir anda salona sükut çöküb. Məlum olub ki, Paşa Mehtiyev Vətən müharibəsinin ilk günündə qəhrəmancasına şəhid olub.
Bu xəbər muzey əməkdaşlarını mütəəssir edib. Lakin, tankçıların bir ağızdan “Hər birimiz Paşayıq!” deməsi salona yeni bir ruh gətirib.
Tank komandiri gizir Taleh Paşayev Paşa Mehdiyevin vurulduğu tankdan götürülmüş bir ovuc külü muzeyə təqdim edərək Həzi Aslanovun məzarından götürülən torpaqla yanaşı qoyulmasını xahiş edib. Xatirə olaraq tankçılara Əməkdar incəsənət xadimləri Musa Bağırov və Abdulla Qurbaninin Həzi Aslanov haqqında yazdıqları kitablar bağışlanıb.
Vətən müharibəsi iştirakçıları adından ev muzeyinin həyətində çinar ağacı əkilib.
Qəhrəmanın nəvəsi polis general-mayoru Həzi Aslanov telefon əlaqəsinə girərək rəşadətli Ordumuzun qəhrəman tankçılarını salamlayıb. Bütün uğurlarımızın səbəbkarı olan müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Müdafiə Nazirliyinin rəhbərliyinə və tədbir iştirakçılarına göstərilən diqqət və qayğıya görə Aslanovlar ailəsi adından dərin minnətdarlığını bildirib. Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib və tankçılar qəhrəman sərkərdə Həzi Aslanovun boya-başa çatdığı Lənkəran şəhərindən, ata ocağından xoş təəssüratlarla ayrılaraq xidməti yerlərinə qayıdıblar.