2024-cü ilin hazırlıq planına əsasən, "N" hərbi hissəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin iştirakı ilə keçirilən təlim toplanışı başa çatıb.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən bildirilib.
Təlim toplanışının başa çatması münasibətilə bağlanış mərasimi keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimdə çıxış edənlər vurğulayıblar ki, ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin iştirakı ilə keçirilən təlim toplanışının əsas məqsədi onların döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzun arsenalında olan müasir silah və hərbi texnika ilə yaxından tanış etməkdir.
Qeyd olunub ki, toplanış müddətində hərbi vəzifəlilərlə döyüş hazırlığı üzrə məşğələlər keçirilib, onlara silah və texnikanın taktiki-texniki xüsusiyyətləri, onlardan düzgün istifadə qaydaları öyrədilib, həmçinin sıra, taktiki, hərbi tibbi və ixtisas hazırlıqlarından nəzəri və praktiki məşğələlər təşkil olunub.
Bildirilib ki, təlim toplanışında qarşıya qoyulmuş fəaliyyətlər uğurla yerinə yetirilib.
Sonda təlim toplanışında fərqlənənlərə fəxri fərmanlar təqdim olunub, hərbi vəzifəlilər aidiyyəti dövlət onlara ayrılmış xüsusi nəqliyyat vasitələri ilə yaşayış yerlərinə yola salınıblar.