Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunmasının dördüncü ildönümü ilə əlaqədar qəsəbəyə və yaxınlığında yerləşən Ərgünəş yüksəkliyinə mediatur təşkil olunub.
"Report"un Hadruta ezam olunmuş əməkdaşı xəbər verir ki, Müdafiə Nazirliyinin təşkil etdiyi mediaturda media nümayəndələri, hərbi ekspertlər, eləcə də Vətən Müharibəsində döyüşmüş hərbi qulluqçular iştirak ediblər.
Mediatur zamanı yüksəkliyin azad olunmasının 44 günlük müharibənin tarixində önəmli hadisə olduğu vurğulanıb.
Bildirilib ki, Hadrutun və Ərgünəş yüksəkliyinin azad olunması Şuşada, eləcə də Qarabağın digər ərazilərində işğala son qoyulmasına zəmin yaradıb.
Yüksəkliyə səfər zamanı Vətən Müharibəsində, həmçinin 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilən antiterror tədbirlərində iştirak etmiş hərbi qulluqçular döyüşlərdən, Azərbaycan Silahlı Qüvvələrinin uğurlarından danışıblar.
Azərbaycan Ordusunun "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu deyib ki, Hadrut uğrunda şiddətli döyüşlər gedib:
"Ordumuz yüksəklik istiqamətində düşmənin mövqelərini yararaq Hadrut qəsəbəsini və Ərgünəş yüksəkliyini işğaldan azad edib. Bir neçə hərbi qulluqçumuz mühasirəyə düşüb, canlarını bu torpaq uğrunda qurban veriblər. Vətən Müharibəsində iştirak etmiş hərbçi kimi bu gün də xidmətimi davam etdirirəm. Fəxr edirəm ki, işğaldan azad olunmuş torpaqlarda xidmət aparıram".
Müharibədə iştirak etmiş digər hərbi qulluqçunun sözlərinə görə, müharibənin başladığı ilk günlərdən döyüşlərdə iştirak edib:
"Düşmən 30 il ərzində Qarabağda istehkam qurmuşdu. Bu istehkamı yarmaq asan məsələ deyildi. Biz bunu Cəbrayıl rayonu, Araz çayı boyunca yarmışıq. Müharibədə döyüş ruhumuz daim yüksək olub. Mənim vuruşduğum bölmə ermənilərin "qırmızı manqa" dediyi hissəni cəmi 17 dəqiqəyə yarıb. Həmçinin Füzuli və Hadrut istiqamətində də Xüsusi Təyinatlı Qüvvələrin bölmələri ilə birgə döyüşmüşük".
İşğaldan azad olunmuş ərazilərdə xidmət aparan digər hərbi qulluqçu da müharibənin ilk günlərindən Füzuli istiqamətində düşmənin eşalonunu yardıqlarını bildirib. O deyib ki, düşmənin ağır artilleriyalı mövqelərini zərərsizləşdirib, səngər əməliyyatları həyata keçirərək irəliləyiblər.
"Bizə verilən komandaya əsasən, Xocavənd rayonu ərazisində Hadruta qədər döyüşmüşük. Hadrutun azad olunması uğurla başa çatdı. Sonra Laçın istiqamətində döyüşlərə qatıldıq. Orada bir neçə kəndi azad edərək, düşmənin hərbi hissəsini ələ keçirdik. Həmçinin antiterror əməliyyatlarında da döyüşdük. Düşmənin postlarını, səngərlərini ələ keçirdik. Son əməliyyatlarda yaralandım, amma buna baxmayaraq xidməti davam etdirirəm. Düşmən tapdağından azad etdiyimiz torpaqlarda xidmət aparmağımla fəxr edirəm", - hərbi qulluqçu bildirib.
Qeyd edək ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları ilə oktyabrın 7-dən etibarən Hadrut və ətraf ərazilər uğrunda ağır döyüşlər başlayıb və ayın 9-da Azərbaycan Ordusu qəsəbə yaxınlığında yerləşən strateji əhəmiyyətli kəndləri, eləcə də yüksəklikləri nəzarət altına alıb. Bununla da Hadrut qəsəbəsi və ətraf kəndlər düşmən tapdağından azad olunub.
Qəsəbənin azad olunması xəbərini Azərbaycan xalqına Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev çatdırıb.