Azərbaycan Ordusunun Naxçıvandakı bölmələrinə həyəcan siqnalı verilib

Azərbaycan Ordusunun Naxçıvandakı bölmələrinə həyəcan siqnalı verilib Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah təlimi keçirilib.
Hərbi
27 fevral 2023 13:14
Azərbaycan Ordusunun Naxçıvandakı bölmələrinə həyəcan siqnalı verilib

Əlahiddə Ümumqoşun Orduda qərargahların və şəxsi heyətin döyüş bacarığının təkmilləşdirilməsi məqsədilə komanda-qərargah təlimi keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, “Əlahiddə Ümumqoşun Ordunun 2023-cü il döyüş hazırlığı planı”na əsasən bir neçə birləşmə və hərbi hissənin cəlb edilməsi ilə keçirilən təlimdə qoşunların müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilməsi üçün birləşmə və hissələr həyəcan siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb.

Təlimin növbəti mərhələsində idarəetmə məntəqələrində əməliyyatlar planlaşdırılıb, müxtəlif fəaliyyət tərzləri üzrə hesabatlar aparılıb, praktiki fəaliyyətdə olan bölmələrin tapşırıqları dəqiqləşdirilib, bölmələr arasında qarşılıqlı əlaqənin və hərtərəfli təminatın təşkili üzrə plan və hesabatlar hazırlanıb.

Qərargahlar tərəfindən qəbul edilmiş qərarlara uyğun ümumqoşun birləşmələrinin qarşılıqlı fəaliyyəti praktiki olaraq məşq etdirilib.

Simulyasiya Mərkəzində keçirilən təlimin sonuncu mərhələsində qarşıda duran tapşırıqların kompüter üzərində məşqi icra edilib. Fəaliyyətlərin nəticələri təhlil edilən zaman müxtəlif qoşun növü birləşmələrinin qarşılıqlı fəaliyyəti və komandirlərin yaranmış şəraitə uyğun olaraq qısa zamanda doğru qərar qəbuletmə bacarıqları yüksək qiymətləndirilib.

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.
Hərbi
25 may 2025 15:33
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.

"Report" nazirliyə istinadən icmalı təqdim edir:

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub Azərbaycan müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev ölkədə səfərdə olan Türkiyə Quru Qoşunlarının Birinci Ordu komandiri ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Hərbi
23 may 2025 18:15
Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Azərbaycan müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev ölkədə səfərdə olan Türkiyə Quru Qoşunlarının Birinci Ordu komandiri ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə Türkiyə ilə hərbi sahədə əməkdaşlığın cari vəziyyətinə və gələcəkdə daha da genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Tərəflər hər iki qardaş ölkənin hərbi qulluqçularının bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə müasir texnoloji yeniliklərin tətbiqi ilə keçirilən birgə təlimlərin əhəmiyyətini xüsusi vurğulayıb və maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.

Türkiyə nümayəndə heyəti səfər çərçivəsində həmçinin Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunun Hərb Oyunları Mərkəzini də ziyarət edib. Mərkəzdə təşkil edilən görüşdə brifinqlər təqdim olunub və qarşılıqlı təcrübə mübadiləsi məqsədilə geniş müzakirələr aparılıb.

Azərbaycan və İtaliya XTQ mənsubları görüşüb

Azərbaycan və İtaliya XTQ mənsubları görüşüb Azərbaycan və İtaliya Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) nümayəndələri arasında ekspert görüşü keçirilib.
Hərbi
23 may 2025 17:25
Azərbaycan və İtaliya XTQ mənsubları görüşüb

Azərbaycan və İtaliya Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) nümayəndələri arasında ekspert görüşü keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində qonaqlar XTQ-nin "N" hərbi hissəsini ziyarət ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü və şəhidlərimizin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri düzülüb.

İtaliya nümayəndə heyətinə XTQ-nin yaranma tarixi və keçdiyi döyüş yolundan bəhs edən brifinq təqdim edilib. Qonaqları maraqlandıran suallar cavablandırılıb.

Ekspert görüşü zamanı birgə əməkdaşlıq və maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Nümayəndələr XTQ mənsublarının təchizatı və istifadəsində olan PUA, silah və digər vasitələrlə tanış olublar.

İtaliya nümayəndə heyəti, həmçinin Azərbaycan XTQ mənsublarının döyüş hazırlığı üzrə nümunəvi çıxışlarını izləyib.

"Anadolu Ankası - 2025" təlimi başa çatıb

"Anadolu Ankası - 2025" təlimi başa çatıb 111
Hərbi
23 may 2025 16:34
Anadolu Ankası - 2025 təlimi başa çatıb

Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anadolu Ankası - 2025" (Anatolian Phoenix - 2025) beynəlxalq axtarış-xilasetmə təlimi uğurla başa çatıb.
Beynəlxalq təlimdə keçirilən "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə media nümayəndələri və rəsmi qonaqlar iştirak ediblər.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iştirakçılara təlimin gedişatı barədə statistik məlumatlar verilib, beynəlxalq axtarış-xilasetmə təliminə həsr olunmuş qısametrajlı videogörüntü təqdim edilib.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra təlim poliqonunda beynəlxalq təlimə cəlb edilən iştirakçılar tərəfindən müxtəlif epizodların praktiki icrası media nümayəndələri və qonaqlar tərəfindən izlənilib.

Sonra Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) "Türk Yıldızları" aviaqrupunun təqdimatında nümunəvi uçuşlar keçirilib.

Tədbirin sonunda iştirakçı heyətlər tərəfindən qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə fotoları çəkdirilib.

Qardaş ölkədə keçirilən "Anadolu Ankası - 2025" beynəlxalq axtarış-xilasetmə təlimində Azərbaycan HHQ-nin şəxsi heyəti yüksək peşəkarlıq nümayiş etdirib.

İtaliyalı zabitə Azərbaycan HDQ komandanı adından “Dənizçi kortiki” hədiyyə olunub

İtaliyalı zabitə Azərbaycan HDQ komandanı adından “Dənizçi kortiki” hədiyyə olunub İtaliyalı zabitə Azərbaycan HDQ komandanı adından “Dənizçi kortiki” hədiyyə olunub
Hərbi
23 may 2025 10:42
İtaliyalı zabitə Azərbaycan HDQ komandanı adından “Dənizçi kortiki” hədiyyə olunub

"Azərbaycan Respublikasının müdafiə naziri ilə İtaliya Respublikasının müdafiə naziri arasında Hərbi Dəniz Qüvvələrinin (HDQ) şəxsi heyətinin təlim və təhsili sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu"na əsasən, hər iki ölkənin hərbi qulluqçular yetişdirən xüsusi təyinatlı təhsil müəsisələrində təhsilin təşviqi məqsədilə uğur qazanaraq fərqlənən məzunlara HDQ komandanlığı adından xatirə hədiyyələri təqdim olunur.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, İtaliyanın Livorno Hərbi Dəniz Akademiyasını fərqlənmə ilə bitirən kiçik leytenant Rikardo Romanoya Azərbaycan HDQ komandanı adından imzalanmış sertifikatla birlikdə “Dənizçi kortiki” hədiyyə edilib.

Hədiyyə italiyalı zabitə Azərbaycanın İtaliyadakı Hərbi Attaşelik aparatının nümayəndəsi tərəfindən təqdim olunub.

Qeyd edək ki, Niyyət Protokolunun müddəalarına uyğun olaraq, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutun HDQ fakültəsini fərqlənmə ilə bitirən bir zabitə isə İtaliya HDQ komandanlığı adından “Tələbələrin şərəf qılıncı” hədiyyə edilir.

PUA Akademiyasının buraxılış mərasimi keçirilib

PUA Akademiyasının buraxılış mərasimi keçirilib Cari ilin hazırlıq planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin (HHQ)
Hərbi
22 may 2025 20:28
PUA Akademiyasının buraxılış mərasimi keçirilib

Cari ilin hazırlıq planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin (HHQ) Pilotsuz Uçuş Aparatları Akademiyasında "Orbiter 3HC" pilotsuz uçuş aparatları sistemləri mütəxəsislərinin buraxılış mərasimi keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

General-mayor Namiq Bayramov məzunları buraxılış münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, kurs zamanı dərslər Vətən müharibəsi və son döyüş əməliyyatlarında qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla keçirilib.

Sonda kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunub.

Azərbaycan və Türkiyə birgə elektron hərbi təlim keçirəcək

Azərbaycan və Türkiyə birgə elektron hərbi təlim keçirəcək Azərbaycan və Türkiyə orduları birgə hərbi təlim keçirəcək.
Hərbi
22 may 2025 18:35
Azərbaycan və Türkiyə birgə elektron hərbi təlim keçirəcək

Azərbaycan və Türkiyə birgə elektron hərbi təlim keçirəcək.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib.

O bildirib ki, təlimlər mayın 26-da Konyada başlayacaq və dörd gün davam edəcək.

Hazırlıqlar Konya şəhərində baş tutacaq.

Xatırladaq ki, mayın 14-də Türkiyənin Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçirilən "Anadolu Ankası - 2025" beynəlxalq axtarış-xilasetmə təlimi başlayıb. Mayın 23-dək davam edəcək beynəlxalq təlimdə ölkəmizi Azərbaycan HHQ-nin pilotları, paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, texniki heyət və aviasiya vasitələri təmsil edir.

Azərbaycan və İran hərbçilərinin birgə təlimi başa çatıb

Azərbaycan və İran hərbçilərinin birgə təlimi başa çatıb .
Hərbi
22 may 2025 12:20
Azərbaycan və İran hərbçilərinin birgə təlimi başa çatıb

Azərbaycan və İran hərbi qulluqçularının iştirakı ilə keçirilən “Araz-2025” birgə təlimi uğurla yekunlaşıb.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlim çərçivəsində qarşıya qoyulmuş tapşırıqlar hər iki ölkənin hərbi qulluqçuları tərəfindən dəqiqliklə yerinə yetirilib.

Plana uyğun olaraq, mərhələlər üzrə qarşılıqlı əlaqədə icra olunan fəaliyyətlər zamanı iştirakçılar yüksək döyüş hazırlığı nümayiş etdiriblər.

Təlim rəhbərləri şəxsi heyətin peşəkarlığını və hazırlıq səviyyəsini yüksək qiymətləndiriblər.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və təlimdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.

Azərbaycan hərbçilərinin qatıldığı beynəlxalq təlimin yeni görüntüləri yayılıb

Azərbaycan hərbçilərinin qatıldığı beynəlxalq təlimin yeni görüntüləri yayılıb Azərbaycan hərbçilərinin iştirak etdiyi beynəlxalq “Anadolu Ankası - 2025” ("Anatolian Phoenix - 2025") r.
Hərbi
21 may 2025 21:16
Azərbaycan hərbçilərinin qatıldığı beynəlxalq təlimin yeni görüntüləri yayılıb

Azərbaycan hərbçilərinin iştirak etdiyi beynəlxalq “Anadolu Ankası - 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təliminin yeni görüntüləri yayılıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Naziriiyi “X” hesabında paylaşım edib.

Qeyd edək ki, təlimlər Konya şəhərində keçirilir. Beynəlxalq axtarış-xilasetmə təlimində ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları, paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, texniki heyət və aviasiya vasitələri təmsil edi

İtaliya nümayəndə heyəti Azərbaycan MMU və HDQ-ni ziyarət edib

İtaliya nümayəndə heyəti Azərbaycan MMU və HDQ-ni ziyarət edib Ölkəmizdə səfərdə olan İtaliyanın Milli Müdafiə Universitetinin Ali Araşdırmalar Mərkəzinin direktoru
Hərbi
21 may 2025 19:49
İtaliya nümayəndə heyəti Azərbaycan MMU və HDQ-ni ziyarət edib

Azərbaycanda səfərdə olan İtaliyanın Milli Müdafiə Universitetinin Ali Araşdırmalar Mərkəzinin direktoru general-polkovnik Stefano Mannino və onun rəhbərlik etdiyi nümayəndə heyəti Milli Müdafiə Universitetində (MMU), Hərb Oyunları Mərkəzi, Heydər Əliyev adına Hərbi İnstitutda, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Hərbi Dəniz Qüvvələrinin “N” hərbi hissəsində olub.

Bu barədə "Report"a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə MMU-da keçirilən görüşdə Universitetin rektoru general-mayor Gündüz Əbdülov qonaqları ölkəmizdə görməkdən məmnun olduğunu ifadə edib. Azərbaycan və İtaliya arasında hərbi təhsil sahəsində uğurla inkişaf edən əlaqələrin qarşılıqlı inam və etimada əsaslandığını vurğulayıb.

General-polkovnik S.Mannino da öz növbəsində göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Keçirilən görüşlərin hər iki ordunun hərbi təhsil sahəsi üçün səmərəli olacağını bildirən qonaq, bu istiqamətdə görülən işlərin qarşılıqlı təcrübə mübadiləsi üçün faydalı olduğunu xüsusi qeyd edib.

Daha sonra italiyalı nümayəndə heyətinə MMU-nun yaranma tarixi, təhsil sistemi, elektron üsulla xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul qaydaları, eləcə də qarşıda duran məqsəd və vəzifələrindən bəhs edən brifinq təqdim olunub. Qonaqları maraqlandıran suallar cavablandırılıb.

General-polkovnik S.Mannino xatirə kitabına ürək sözlərini yazıb.  

Görüş başa çatdıqdan sonra İtaliya nümayəndə heyəti Hərb Oyunları Mərkəzini ziyarət edib. Burada qonaqlara mərkəzdə icra olunan fəaliyyətlərlə bağlı zəruri məlumatlar verilib.

Qonaqlar səfər çərçivəsində MMU-nun Heydər Əliyev adına Hərbi İnstitutu və Cəmşid Naxçıvanski adına Hərbi Liseyində olublar.

Ziyarət əsnasında qonaqlar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstü və şəhidlərimiz üçün salınmış memorial kompleksin önünə gül dəstələri düzüblər. Daha sonra qonaqlar xüsusi təyinatlı təhsil müəssisələrində yerləşən Heydər Əliyev Muzeyinə gələrək Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən fotoguşə ilə tanış olub. Onlara Ulu Öndərin ordu quruculuğu sahəsində gördüyü işlər barədə məlumatlar verilib.

İtaliyalı nümayəndə heyəti Hərbi Liseydə və İnstitutda təhsil alan kursantlar üçün yaradılmış şəraitlə tanış olub, onların fikirlərini öyrənib, təklif və tövsiyələrini verib. Qonaqlar üçün hərbi orkestr tərəfindən italyan musiqi kompozisiyaları səsləndirilib, italiyalı nümayəndə heyətinə kursantların nümunəvi çıxışlarını izləyib.

Daha sonra brifinq zalında keçirilən görüş zamanı tərəfləri maraqlandıran mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.  

İtaliya nümayəndə heyəti səfər çərçivəsində Hərbi Dəniz Qüvvələrinin (HDQ) “N” hərbi hissəsini ziyarət edib.

Qonaqları salamlayan HDQ komandanı 1-ci dərəcəli kapitan Şahin Məmmədov Azərbaycanın dünyanın aparıcı dəniz qüvvələrinə malik ölkələri ilə əməkdaşlığında İtaliya Respublikasının xüsusi yeri olduğunu qeyd edib.

Daha sonra qonaqlara hərbi hissənin tarixi, keçdiyi döyüş yolu və qarşıda duran məqsədləri ilə bağlı brifinq təqdim olunub. Qonaqları maraqlandıran suallar cavablandırılıb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Ziyarət zamanı qonaqlara hərbi hissənin silahlanmasında olan bəzi hərbi vasitələr əyani olaraq göstərilib, onların taktiki-texniki xüsusiyyətləri barədə ətraflı məlumat verilib.

Qonaqlar, həmçinin təlim meydanında dəniz xüsusi təyinatlılarının iştirakı ilə nümayiş olunan nümunəvi çıxışları izləyiblər.

"Anadolu Ankası – 2025" təlimində növbəti mərhələnin tapşırıqları icra olunub

"Anadolu Ankası – 2025" təlimində növbəti mərhələnin tapşırıqları icra olunub Qardaş Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Ankası - 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində növbəti tapşırıqlar icra edilib.
Hərbi
21 may 2025 18:48
Anadolu Ankası – 2025 təlimində növbəti mərhələnin tapşırıqları icra olunub

Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Ankası - 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində növbəti tapşırıqlar icra edilib.

Bu barədə "Report"a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə təlimin planına uyğun olaraq iştirakçılara təhlükəsizlik qaydaları, yerinə yetiriləcək tapşırıqların xəritə üzərində dəqiqləşdirilməsi və onların icra ardıcıllığı, axtarış-xilasetmə tədbirinin görüləcəyi ərazinin relyefi və iqlimi ilə bağlı brifinq təqdim olunub.

Plana əsasən, paraşüt hazırlığı və axtarış-xilasetmə üzrə fəaliyyətlər uğurla icra olunub.

Təlimdə qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində əsas məqsəd şəxsi heyətin paraşütlərdən istifadə bacarıqlarının təkmilləşdirilməsi, onların döyüş və xüsusi hazırlıq səviyyəsinin daha da artırılması, o cümlədən iştirakçı ölkələrin hərbi qulluqçuları arasında qarşılıqlı uzlaşma və təcrübə mübadiləsinin təmin edilməsidir.

Qeyd edək ki, beynəlxalq axtarış-xilasetmə  təlimində ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları, paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, texniki heyət və aviasiya vasitələri təmsil edir.

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub 

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub  Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 21-də ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Quru Qoşunlarının 1-ci Ordu komandiri ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Hərbi
21 may 2025 15:44
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub 

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 21-də Azərbaycanda səfərdə olan Türkiyə Quru Qoşunlarının 1-ci Ordu komandiri ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov qonaqları salamlayıb və onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Azərbaycan və Türkiyə arasında dərin tarixi köklərə, ortaq dəyərlərə və qarşılıqlı etimada əsaslanan münasibətlərin dinamik inkişafını qeyd edib. Müdafiə naziri qardaş ölkələrin dövlət başçılarının dostluq münasibətləri nəticəsində imzalanmış Şuşa Bəyannaməsinin icrası ilə bağlı həyata keçirilmiş tədbirlərin müsbət nəticələrini vurğulayıb.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində, eləcə də bütün sahələr üzrə Türkiyənin mənəvi-siyasi dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib.

Səmimi münasibətə və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən ordu generalı M.Tokel Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülerin salamlarını çatdırıb. Strateji müttəfiqliyi özündə ehtiva edən hərbi əməkdaşlığımızın daha da genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin vacibliyini xüsusi vurğulayıb. Azərbaycan Ordusunun durmadan inkişaf etməsinin bariz şəkildə göründüyünü diqqətə çatdıran qonaq, bunun qardaş ölkə kimi Türkiyənin də sevincinə səbəb olduğunu bildirib.

Daha sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə nümayəndə heyəti ilə görüşüb.

Görüşdə müasir dövrün tələbləri nəzərə alınmaqla texnoloji yeniliklərin tətbiqi ilə birgə təlimlərin keçirilməsinin əhəmiyyəti qeyd olunub. Peşəkar kadr heyətinin hazırlanmasında qarşılıqlı təcrübə mübadiləsinin vacibliyi vurğulanıb.
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının müxtəlif aspektlərinin müzakirə edildiyi görüşlərdə, həmçinin regional təhlükəsizlik və maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

İtaliya səfiri Kərim Vəliyevlə müdafiə sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib

İtaliya səfiri Kərim Vəliyevlə müdafiə sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib İtaliyanın Bakıdakı səfiri Luka di Canfrançesko və Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev müdafiə sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Hərbi
21 may 2025 10:42
İtaliya səfiri Kərim Vəliyevlə müdafiə sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib

İtaliyanın Bakıdakı səfiri Luka di Canfrançesko və Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev müdafiə sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Bu barədə "Report" İtaliyanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir.

"İtaliya səfiri CASD (Centro Alti Studi per la Difesa - İtaliyanın Müdafiə sahəsində Ali Araşdırmalar Mərkəzi) rəhbərliyinin Bakıya səfəri münasibətilə müdafiə nazirinin birinci müavini Kərim Vəliyevlə görüşüb. Görüş zamanı müdafiə sahəsində əməkdaşlıq perspektivləri, İtaliya tərəfindən minatəmizləmə üzrə mümkün humanitar yardım, həmçinin Cənubi Qafqazda normallaşma prosesi müzakirə olunub", - diplomatik nümayəndəlikdən bildirilib.

Azərbaycan-İran hərbi qulluqçularının birgə təlimi davam edir

Azərbaycan-İran hərbi qulluqçularının birgə təlimi davam edir Azərbaycanın işğaldan azad edilmiş ərazilərində İran İslam Respublikasından cəlb olunan heyətin iştirakı ilə keçirilən “Araz-2025” birgə təlimi davam edir.
Hərbi
20 may 2025 19:35
Azərbaycan-İran hərbi qulluqçularının birgə təlimi davam edir

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində İrandan cəlb olunan heyətin iştirakı ilə keçirilən “Araz-2025” birgə təlimi davam edir.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Ssenariyə uyğun olaraq, iştirakçılar təlimin mərhələləri üzrə qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetirirlər.

Hər iki ölkənin hərbi qulluqçuları icra olunan fəaliyyətlər zamanı yüksək peşəkarlıq nümayiş etdirirlər.

Azərbaycan-İran əlaqələrinin və əməkdaşlığının möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyan “Araz-2025” birgə təlimi mayın 21-də başa çatacaq.

NATO rəsmisi Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində Azərbaycana gəlib

NATO rəsmisi Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində Azərbaycana gəlib NATO-nun Brunssum Birləşmiş Qüvvələr Komandanlığının Baş Qərargah rəisinin müavini general-mayor Stefan Fiks Azərbaycanda səfərdədir.
Hərbi
20 may 2025 17:49
NATO rəsmisi Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində Azərbaycana gəlib

NATO-nun Brunssum Birləşmiş Qüvvələr Komandanlığının Baş Qərargah rəisinin müavini general-mayor Stefan Fiks Azərbaycanda səfərdədir.

Bu barədə “Report” İsveçin Azərbaycandakı səfirliyinə istinadən xəbər verir.

Məlumata görə, Fiksin başçılıq etdiyi nümayəndə heyətinin səfəri NATO və Azərbaycan arasında Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində razılaşdırılmış tədbirlər silsiləsinin bir hissəsidir.

Diplomatik nümayəndəlikdə İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzsonla general-mayor Fiks və onun komandası arasında görüş keçirilib.

"Səfər NATO Tərəfdaşlığı üzrə fəaliyyətlərin həyata keçirilməsini dəstəkləmək məqsədilə azərbaycanlı həmkarlarla əməkdaşlığın davam etdirilməsinə yönəlib”, - səfirlikdən bildirilib.

Qeyd edilib ki, NATO-nun tərəfdaş ölkəsi kimi Azərbaycan müttəfiqlər və digər tərəfdaş ölkələrlə təhlükəsizlik və müdafiə islahatları, terrorla mübarizə də daxil olmaqla bir çox sahələrdə əməkdaşlıq edir. Azərbaycan da NATO-nun rəhbərlik etdiyi bir sıra əməliyyat və missiyalarda yer alıb. 2025-2026-cı illər ərzində Slovakiya və İsveçin Bakıdakı səfirlikləri NATO-nun Azərbaycandakı əlaqə nöqtəsi rolunu yerinə yetirir.

Hərbi xidmət və tibbi müayinədən yayınanları nə gözləyir?

Hərbi xidmət və tibbi müayinədən yayınanları nə gözləyir? Hərbi xidmət və tibbi müayinədən yayınanları nə gözləyir?
Hərbi
20 may 2025 14:36
Hərbi xidmət və tibbi müayinədən yayınanları nə gözləyir?

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə səfərbərlik və hərbi xidmətə çağırış, eləcə də ehtiyatda olan şəxsi heyətin qeydiyyatı sahəsində vəziyyətin bu istiqamətdə aparıcı dövlətlərdə görülən işlərlə uyğunlaşdırılması üzrə tədbirlər keçirilir.

Belə ki, qanunvericilik sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi, şəffaflığın təmin olunması və müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınma hallarının qarşısının alınması, habelə ölkənin çağırış və səfərbərlik resursunun dürüstləşdirilməsi istiqamətində aparılan islahatlar çərçivəsində bir sıra qanunlara dəyişikliklər edilmişdir.

Həmçinin çağırışçılar və hərbi vəzifəlilər özləri haqqında məlumatları vaxtında vermədikdə, möhlətləri olanlar tələb edilən vaxtda xidmətin qeydiyyatda olduqları struktur bölmələrinə gəlmədikdə barələrində Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinə əsasən tətbiq olunacaq tədbirlər də sərtləşdirilmişdir.

Artıq vətəndaşlar (çağırışaqədər yaş həddində olanlara münasibətdə isə onların qanuni nümayəndələri — valideynləri, övladlığa götürənlər və ya himayəçiləri) öz hərbi vəzifələrinin icrası ilə bağlı məlumatlarla tanış olmaq, məlumatları əldə etmək, müvafiq məlumatların dəyişdirilməsi üçün müraciət etmək, dəyişikliklərlə bağlı məlumat almaq, müraciətləri elektron formada göndərmək, xidmətlərdən istifadə etmək və ödənişləri həyata keçirmək üçün Elektron Hökumət İnformasiya Sistemində xüsusi fərdi elektron səhifə (elektron kabinet) yaratmalıdırlar.

Bununla yanaşı hərbi uçot, qeydiyyat ünvanının dəyişdirilməsi, sağlamlığa görə möhlət, növbəti müayinə vaxtı və digər məlumatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənmiş hərbi biletdə də qeyd olunur (hərbi biletdəki məlumatlarla https://e-qanun.az/framework/31791 saytında tanış olmaq mümkündür).

Bəs qanunu pozmamaq və cərimələnməmək üçün nələrə diqqət yetirmək lazımdır? Ümumiyyətlə vətəndaşların dövlət qarşısında hansı öhdəlikləri vardır?

"Report"un məlumatına görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirdi ki, əslində hərbi vəzifəlilərin öhdəlikləri onların hərbi biletlərinin müvafiq səhifələrində qeyd olunub.

“Qeyd edim ki, hazırda Dövlət Xidmətinin göstərdiyi bütün xidmətlərin elektron qaydada həyata keçirilməsi prioritet məsələlərdən biridir. Qanunvericiliyə edilmiş dəyişikliklər milli təhlükəsizliyimizi gücləndirmək, Silahlı Qüvvələri çağırışçılarla vaxtında və keyfiyyətli komplektləşdirmək, səfərbərlik sisteminin səmərəliliyini artırmaq məqsədini daşıyır.

Azərbaycan Respublikasının vətəndaşlarının hərbi xidmətə çağırışı, o cümlədən tibbi müayinədən keçməsi və tibbi şəhadətləndirmə ilə bağlı məlumatlandırma, həmçinin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçirilir və bununla bağlı çağırış vərəqəsi elektron formada vətəndaşın elektron kabinetinə yerləşdirilir. Təbii ki, “MyGov” mobil tətbiqini yükləmək də zəruridir. Xəbərdar olunmuş vətəndaş vaxtında qeydiyyatda olduğu struktur bölməmizə yaxınlaşmasına görə məsuliyyət daşıyır”.

Şöbə rəisinin sözlərinə görə qanunda edilən dəyişikliklərə görə hərbi uçot, hərbi qeydiyyat, çağırış və səfərbərlik qaydalarını pozan vətəndaşlara münasibətdə məsuliyyət tədbirləri sərtləşdirilib və cərimələrin məbləği artırılıb. “2020-ci ildə 44 günlük Vətən Müharibəsi zamanı hamının Dəmir Yumruq ətrafında birləşərək Vətənin müdafiəsinə getmək istəməsi vətəndaşların həmrəyliyini və gücünü nümayiş etdirdi. Əsas məqsədimiz sülh dövründə də vətəndaşla dövlət qurumları arasında olan münasibətləri daha şəffaf və məsuliyyətli olmasını təmin etməkdir. Bir daha vətəndaşlara səslənərək bildirmək istərdik ki, hərbi vəzifələrin icrası ilə bağlı dövlət qarşısında olan öhdəliklərinə məsuliyyətlə yanaşsınlar”, - deyə, Pərviz Sədrəddinov bildirib.

Son xəbərlər

Orphus sistemi