Sahil Babayev: "Azərbaycanda qazlaşdırma işləri SOCAR-ın vəsaitləri hesabına maliyyələşdirilə bilər"
- 04 noyabr, 2026
- 14:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda qazlaşdırma işlərinin maliyyələşdirilməsi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sərbəst vəsaitləri və ya investisiya resursları hesabına həyata keçirilə bilər.
"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2027-ci ilin büdcə zərfinin müzakirəsinə həsr olunmuş bugünkü iclasında bildirib.
Onun sözlərinə görə, hazırda təqdim olunan dövlət büdcəsinin ümumi və bölüşdürülmüş parametrlərində qazlaşdırma işləri nəzərdə tutulmayıb.
Nazir qeyd edib ki, hökumət qazlaşdırma işlərinin maliyyələşdirilməsini məqsədəuyğun hesab edərsə, bu istiqamət ayrıca xərc maddəsi kimi dövlət investisiya proqramına daxil ediləcək.
"Dövlət büdcəsində dövlət investisiya proqramı üçün ümumilikdə 5,3 milyard manat vəsait nəzərdə tutulub. Bu vəsaitin bölüşdürülməsi prioritetlərdən asılı olaraq hökumət tərəfindən həyata keçiriləcək. Qazlaşdırmanın maliyyələşdirilməsi isə Dövlət Neft Şirkətinin sərbəst vəsaitləri və ya investisiya vəsaitləri hesabına təmin edilə bilər.
Düşünürük ki, investisiya proqramı formalaşdıqca, ilin sonuna doğru bu istiqamətdə daha aydın mənzərə yaranacaq", – deyə S. Babayev bildirib.