“Ermənistan, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başladığı ilk dövrlərdən Rusiya Ermənistana və Qarabağdakı separatçı quldur rejimə müxtəlif formalarda dəstək olub. Rəsmi Moskvanın silah-sursat, canlı qüvvə, siyasi və maliyyə formasında verdiyi bu dəstək Azərbaycan torpaqlarının işğal olunmasında həlledici rol oynayıb. Əks halda Ermənistan Azərbaycan ərazilərini işğal edə və onu 30 il işğal altında saxlaya bilməzdi”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev bildirib.
O vurğulayıb ki, atəşkəs dövründə də Rusiya Ermənistanı silahlandırmaqda davam edib. Deputat deyib ki, 1996-cı ildə Rusiya Ermənistana 1 milyard dollarlıq silah-sursat vermişdi: “Rusiya uzun müddət bunu inkar etsə də, sonralar faktı təsdiqləməli olmuşdu. Amma bu etiraf Rusiyanın erməniləri silahlandırması işinin dayandırılması ilə nəticələnmədi. 1996-cı ildən sonra da Rusiya ara-sıra müəyyən həcmdə Ermənistan ordusuna müəyyən silahlar ötürüb”.
Ü.Quliyev xatırladıb ki, Rusiya növbəti dəfə 2008-ci ildə Ermənistana küllü miqdarda silah-sursat vermişdi: “Bu məsələnin üstü 2009-cu ildə açılmışdı. Məlum olmuşdu ki, Rusiya Ermənistanın Gümrü şəhərində yerləşən 102 saylı hərbi bazasından Ermənistan Müdafiə Nazirliyinə 69 adda silah, hərbi sursat, texnika və avadanlıqlar verib. Bunların siyahısı da üzə çıxmışdı. Siyahıda göstərilən silahlar ermənilərə 102 saylı bazanın silahlanma üzrə rəisi, Şimali Qafqaz Hərbi Dairəsi komandanının silahlanma üzrə o zamanki müavini, general-leytenant Vyaçeslav Qolovçenkonun imzası ilə 2008-ci ildə verilib. Bu silahların ümumi dəyəri, ekspert dəyərləndirməsinə görə, 800 milyon ABŞ dolları civarında idi”.
Onun sözlərinə görə, 2016-cı ilin Aprel döyüşləri zamanı da Rusiya ermənilərə dəstək verib. Ü.Quliyev qeyd edib ki, ermənilərin məğlubiyyəti ilə nəticələnən Aprel döyüşlərindən sonra da Rusiya Ermənistana silah-sursat ötürüb.
Deputat bildirib ki, Ermənistanın iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatdan sonra rəsmi Moskvanın Yerevanı silahlandırması yeni müstəviyə keçib:
“Təxribatdan bir neçə gün sonra - iyul ayının 17-dən avqust ayının 4-nə qədər Rusiyadan Ermənistana təyyarə ilə 7 reys silah daşınıb. Gürcüstan silahların özünün hava sərhədindən daşınmasına icazə vermədiyi üçün təyyarə reysləri Rostov-Minvod-Aktay-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-İrəvan olmaqla 3 xarici ölkə üzərindən aparılıb. Bu ölkələrdən Qazaxıstan və Türkmənistanın Azərbaycan ilə yaxın siyasi və iqtisadi münasibətləri olmasına baxmayaraq, Azərbaycana düşmən olan Ermənistana göndərilən silahların özlərinin hava məkanı üzərindən daşınmasına razılıq veriblər. Son günlərdə Rusiya Ermənistana xeyli silah verib.
Bu silahlara radio elektron mübarizə vasitələrindən “Krasuxa”, “Avtobaza”, “Nebo-M” daxildir. Bu texnika ilə hədəf ölkənin radio danışıqlarını “söndürmək”, dinləmək və pilotsuz döyüş aparatlarına qarşı istifadə etmək mümkündür. Rusiya Ermənistana satdığı silahları dünya silah bazarı qiymətinə deyil, daxili bazar qiymətinə satır ki, bu da Ermənistana olduqca ucuz başa gəlir. Rusiyanın Ermənistana hansı əsaslarla silah satdığı məlum deyil. Belə ki, silah satışı haqqında müqavilənin nə vaxt imzalandığı haqqında hər iki ölkənin KİV-də heç bir məlumata rast gəlinmir”.
Deputat bildirib ki, Rusiyanın Ermənistanı silahlandırması Azərbaycanda ciddi narazılıqlara səbəb olub. O vurğulayıb ki, bu haqlı narazılıqdır:
“Çünki Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Rusiya da işğalın nəticələrinin aradan qaldırılması üçün yaradılan ATƏT-in Minsk qrupunun həmsədr dövlətidir. Avqustun 12-də Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə telefonla zəng edib. Prezident İlham Əliyev Prezident Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verib. Cənab Prezident Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsin həlak olduğunu vurğulayıb.
Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirib. Prezident İlham Əliyev Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu qeyd edib. Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb”.
Ü.Quliyev deyib ki, Rusiya müstəqil dövlətdir, dünyanın ən gücül və inkişaf etmiş hərbi sənayesinə malik ölkələrdən biridir:
“Rusiya istənilən ölkəyə silah sata bilər. Amma burada Ermənistan istisna təşkil etməlidir. Əvvəla, Rusiya Ermənistana silahı bazar qiymətinə satmır, daxili qiymətlərlə verir. Yəni silahlar Ermənistana demək olar ki pulsuz başa gəlir. Bu da bir dövlətin digərinə silah satması deyil, Rusiyanın Ermənistanı silahlandırmasıdır. İkincisi, rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədridir. Guya Rusiya münaqişənin danışıqlar yolu ilə nizamlanmasında fəaliyyət göstərməlidir. Amma Ermənistanın silahlandırılması vasitəçilik missiyası ilə bir araya sığmır. Üçüncüsü, Rusiya bir sıra silahları Azərbaycana satmaqdan imtina etdiyi halda, həmin silahları Ermənistana verir. Bu da onu göstərir ki, rəsmi Moskva münaqişə tərəflərindən birinin yanındadı, onu hər cür müdafiə edir, silahlandırır və Azərbaycanın üzərinə göndərir”.
Deputat deyib ki, bütün bu faktlar ortaya çıxandan sonra Rusiya tərəfsiz vasitəçi statusunu tamamilə itirib: “Onsuz da Azərbaycan cəmiyyətində Rusiyaya heç zaman inam olmayıb. Əksəriyyət belə düşünür ki, Ermənistan bizim torpaqları Rusiyanın dəstəyi və birbaşa iştirakı ilə işğal edib. Minsk qrupunun həmsədri kimi rəmsi Moskvanın Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə çalışdığına inam olmayıb.
Ermənistan Azərbaycan torpaqlarını Rusiyanın köməyi ilə işğal edib və Moskvanın dəstəyi ilə işğal altında saxlayır. Zaman-zaman Rusiya-Ermənistan münasibətlərində baş verən hadisələr belə deməyə əsas verir. Son hadisələr, əsasən də Rusiyanın Ermənistanı silahlandırması bunu bir daha təsdiqlədi”.
Ü.Quliyevin sözlərinə görə, Almaniyada fəaliyyət göstərən “Bonn International Center for Conversion” (BICC) təşkilatının hazırladığı “Global Militarisation Index'” məruzəsinə görə Ermənistan Avropada ən çox silahlanmış dövlətdir: “Məruzə hazırlanarkən, əhalinin hər min nəfərinə düşən hərbçi sayı, Ümumi Daxili Məhsulda (ÜDM) silahlanmaya ayrılan xərclər, hərbi xərclər, səhiyyə xərcləri, ordunun say tərkibi və ağır silahların sayı nəzərə alınıb”.