Azərbaycan Ordusunda hərbi qulluqçular arasında keçirilən növbəti səmti müəyyənetmə yarışları yekunlaşıb.
Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, yarışlarda 8 komandanın 44 hərbi qulluqçusu mübarizə aparıb. İştirakçılar təyin olunmuş məsafəyə qaçış edərək xəritə üzərində göstərilən hədəflərin aşkarlanması tapşırıqlarını yerinə yetiriblər. Yarışın qaydalarına əsasən kişi hərbi qulluqçular 9,3 km məsafədə 13 nəzarət nöqtəsini, qadın hərbi qulluqçular isə 6 km məsafədə 10 nəzarət nöqtəsini müəyyənləşdiriblər.
Yekun nəticələrə görə qalib gələn Quru Qoşunlarının yığma komandası yarışın kubokunu qazanıb. İkinci və üçüncü yerlərə isə müvafiq olaraq Hərbi Hava Qüvvələrinin "N" saylı hərbi hissəsinin və Hərbi Polisin yığma komandaları layiq görülüblər.
Yarışın qalibləri kubok, fəxri fərman və medallarla təltif olunublar.