ABŞ-nin məşhur “Atlantic Council” beyin mərkəzi Azərbaycan- Türkiyə hərbi əməkdaşlığını nümunə və effektli model kimi qiymətləndirib.
“Report” “Haber Global”a istinadən xəbər verir ki, bu barədə “Atlantic Council”in geniştərkibli toplantısında pozitiv fikirlər səsləndirilib.
İclasda Türkiyənin müdafiə sənayesinin uğurları diqqətə çatdırılıb. Xüsusilə, Türkiyənin pilotsuz uçuş aparatları (PUA) və süni intellekt sənayesi sahəsində lider ölkələrdən birinə çevrildiyi vurğulanıb.
Toplantıda qeyd olunub ki, bu texnologiyalar NATO üzvü olan ölkələrə də inteqrasiya edilməlidir. Uğurlu inteqrasiya modeli kimi isə Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı göstərilib.
Yığıncaqda çıxış edən Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Volkan Öskiper bildirib ki, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın əsası 1992-ci ildə qoyulub. Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşdırıldığı qeyd edilib.