Yanacaq daşıyan maşının 85 yaşlı piyadını öldürdüyü ərazi nəzarətə götürülüb - VİDEO

Yanacaq daşıyan maşının 85 yaşlı piyadını öldürdüyü ərazi nəzarətə götürülüb - VİDEO "Prospektdə bundan əvvəl də yol qəzaları olub"
Hadisə
22 Aprel , 2021 16:34
Yanacaq daşıyan maşının 85 yaşlı piyadını öldürdüyü ərazi nəzarətə götürülüb - VİDEO

Kürdəmir rayonunda 85 yaşlı kişinin “Azpetrol”un yanacaq daşıyan avtomobilinin altında qalaraq faciəvi ölümü bu yoldan mütəmadi istifadə edən sakinlərin haqlı narazılığına səbəb olub.

“Report”un Yuxarı Şirvan bürosuna məlumat verən yerli sakinlər bildiriblər ki, prospektdə bundan əvvəl də yol qəzaları olub.

Lakin yanacaq daşıyan avtomobilin təkərləri arasında can verən qocanın fəryadları insanlar üçün xəbərdalıq siqnalı oldu. Hadisənin baş verməsinin səbəbi prospektdə yolu keçmək üçün piyada keçidlərinin olmamasıdır. Ən azından yerli sakinlər belə düşünürlər.

Hadisənin baş verdiyi ərazidə Kürdəmir şəhər 5 saylı körpələr evi- uşaq bağçası yerləşir. Bu yoldan mütəmadi istifadə edənlər deyirlər ki, mövcud vəziyyət illərdir ki, davam edir və bununla bağlı bu günə qədər hər hansı bir tədbir görülməyib.

Sakinlər yolu təhlükəsiz keçmək və bu kimi qəzaların baş verməsinin qarşısını almaq üçün prospektdə piyada keçidlərinin vacib olduğunu bildirirlər. DYP isə ərazidə reydlər, vətəndaşların maarifləndirməsi və profilaktik tədbirləri keçirir.

Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYP) rəisi, polis kapitanı Zamiq Ağayev “Report”un yerli bürosuna bildirib ki, hadisənin baş verdiyi - 85 yaşlı kişinin öldüyü ərazi nəzarətə götürülüb və Yol Patrul Xidməti (YPX) əməkdaşları tərəfindən gücləndirilmiş qaydada xidmət təşkil edilib. Onun sözlərinə görə, prospektə piyada zolaqlarının çəkilməsinin vacibliyi adiyyəti üzrə məruzə edilib.

Hər halda biz üzərimizə düşəni etdik. Məsələnin aktuallığını nəzərə alaraq mövzuya yenidən qayıdacağıq.

Son xəbərlər

Orphus sistemi