DİN-in Baş Mühafizə İdarəsinin Xaçmaz Rayon Mühafizə Şöbəsinin əməkdaşları xidməti ərazidə yerləşən mağazaların birindən oğurluq edən şəxsi “iş başında” saxlayıblar.
DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan "Report"a verilən məlumata görə, Xaçmaz rayon sakini Sərxan Qabulov səhər saatlarında rayon ərazisində yerləşən qızıl mağazasına qanunsuz daxil olub və orada içərisində pul və sənədlər olan seyfi oğurlayaraq hadisə yerindən uzaqlaşmağa cəhd edib.
Lakin onun bu əməlinin qarşısı həmin ərazidə xidmət aparan Xaçmaz Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən alınıb və həmin şəxs seyf və oğurluq zamanı istifadə etdiyi maddi sübutlarla birlikdə yaxalanaraq Xaçmaz Rayon Polis Şöbəsinə gətirilib.
Dindirilmə zamanı S.Qabulov törətdiyi cinayət əməlini etiraf edib.
Qeyd edilən faktla bağlı Xaçmaz RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.