Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi səbəbilə xəsarət alan 1 nəfərin (kişi cinsli) müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Xəstəxanasında davam etdirilir.
Bu barədə "Report"un yerli bürosuna Sumqayıt Tibb Mərkəzindən bildirilib.
Başın, boyunun, gövdənin hər iki yuxarı və aşağı ətrafın I-II-III A dərəcəli termiki yanığı (60-65%), yanıq şoku III dərəcə diaqnozları təyin edilən 2007-ci il təvəllüdlü (kişi cinsli) şəxsin Reanimasiya şöbəsində müalicəsi davam etdirilir.
Tibbi personal tərəfindən bütün zəruri tibbi yardımlar göstərilir, vəziyyəti ağır olaraq qalır.
Qeyd edək ki, Reanimasiya şöbəsində müalicəsi davam etdirilən başın, boyunun, gövdənin hər iki yuxarı və aşağı ətrafın I-II-III A dərəcəli termiki yanığı (70-75%), döş qəfəsinin sağ yarısının küt travması, sağtərəfli pnevmatoraks, yanıq şoku III dərəcə diaqnozları təyin edilən 1977-ci il təvəllüdlü (kişi cinsli) şəxsin isə həkimlərin səylərinə baxmayaraq, 07.12.2024-cü il tarixində saat 20:40 radələrində ölüm faktı qeydə alınıb.
Sumqayıtda partlayış zamanı xəsarət alan şəxslərdən biri ölüb.
“Report”un yerli bürosu məlumat verir ki, partlayış zamanı xəsarət alan, 1977-ci il təvəllüdlü Ramin Əliyev dünyasını dəyişib.
2007-ci il təvəllüdlü Ayxan Əliyev və 2010-cu il təvəllüdlü Familə Əliyevanın müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, dekabrın 3-də Sumqayıt şəhər 13-cü mikrorayon, 19 saylı binada partlayış baş verib. Nəticədə 6 nəfər xəsarət alıb.