Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkar edilməsi və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, su polisi daim Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qurumları ilə birgə mütəmadi olaraq paytaxt ərazisində, eləcə də bölgələrdə yol kənarında icazələri olmadan balıq satışı ilə məşğul olan şəxslərlə profilaktik söhbətlər apararaq onlar barəsində qanunauyğun tədbirlər görür.
Sonuncu belə tədbir zamanı İdarənin Brokonyerliklə Mübarizə Bölməsinin əməkdaşları Abşeron rayonu Mehdiabad qəsəbəsində Xəzər dənizində ovlanması qəti qadağan edilən nərə cinsli balıqların satışı ilə məşğul olan Əli Məmmədovu müəyyən ediblər. Polis əməkdaşları tərəfindən həmin şəxsə məxsus obyektə baxış zamanı külli miqdarda nərə cinsli balıq aşkar olunaraq götürülüb. Araşdırma zamanı bu şəxsin müvafiq icazəsi və kvotası olmadan nərə cinsli balıqların qeyri-qanuni satışını təşkil etdiyi məlum olub. Baxış zamanı obyektdə müvafiq dövlət qurumları tərəfindən saylarının çoxaldılması üçün Xəzər dənizinə buraxılan körpə nərə cinsli balıqların da tutularaq burada satışa çıxarıldığı məlum olub. Polislər tərəfindən obyektin sahibi Əli Məmmədov barəsində qanunla nəzərədə tutulan qaydada tədbir görülüb.
Su Polisləri tərəfindən həmçinin adı “Qırmızı Kitab”a düşən quşların ovlanması və ekoloji cinayətlər törədən şəxslərin müəyyən edilməsi istiqamətində də tədbirlər davam etdirilir. Lənkəran şəhərində keçirilən reyd zamanı ovçuluq bileti olmadan bu fəaliyyətlə məşğul olan Vasif Qurbanov saxlanılıb. Ondan ümumilikdə 18 ədəd ovlanması qadağan olunan “Qu quşu”, Qırqovul”, “Çöl ördəyi” və “Çöl qazı” aşkar olunaraq götürülüb.
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının xidməti ərazidə keçirdikləri sonuncu tədbir zamanı isə odlu silah-sursat aşkar edilib. Bakı şəhəri istiqamətində Xəzər dənizi sahilində polis əməkdaşları iri daş parçalarının arasında gizlədilən 1 ədəd tapança, 1 ədəd avtomat darağı və 15 ədəd patron aşkar edərək götürüblər. Silah-sursatın kim tərəfindən həmin ərazidə gizlədilməsinin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsinin inzibati ərazisinə daxil olan Qızılağac Dövlət Qoruğu, Abşeron, Ağgöl, Şirvan Milli Parklarında, Sarısu və “Şahdağ” Milli Qoruğu ərazisindəki su hövzələrində qanunsuz olaraq ovçuluqla məşğul olan, adı “Qırmızı Kitab”a düşən quşları ovlayan şəxslərə qarşı da mübarizə tədbirləri davam etdirilir.
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həmçinin qanun pozuntusuna yol verərək Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da mübarizə, eləcə də əməliyyat tədbirləri mütəmadi olaraq davam etdirilir.
Qeyd edək ki, qanunla nəzərdə tutulan qaydalar çərçivəsində balıqçılıq və ovçuluqla məşğul olan şəxslərə müraciət edərək bildirilir ki, onların fəaliyyətinə digər qurumlar tərəfindən müdaxilə edildiyi təqdirdə Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edə bilərlər.
Sonda vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.