İsmayıllı-Lahıc yolunda hərəkət qismən bərpa olunub - YENİLƏNİB
- 30 iyun, 2023
- 16:45
Bu gün günorta saatlarında başlayan intensiv yağıntılar nəticəsində İsmayıllı-Lahıc avtomobil yolunda (9-19-cu km-lər) yolun hərəkət hissəsinə tökülən qaya parçaları təmizlənərək avtonəqliyyat vasitələrinin hərəkətində yaranmış məhdudiyyət qismən aradan qaldırılıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Sözügedən yolda yaranmış problemlə bağlı dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “5 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.
Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində sözügedən yolda avtonəqliyyat vasitələrinin hərəkəti qismən təmin olunub.
Hazırda ərazidə hərəkətin tam bərpa olunması istiqamətində işlər davam etdirilir.
20:35
İsmayıllıya yağan leysan xarakterli yağışdan sonra dağlardan gələn sel suları, lil qatı, qaya parçaları İsmayıllı-Lahıc avtomobil yolunun üzərinə tökülüb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, bu səbəbdən avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bununla da Lahıc qəsəbəsi də daxil olmaqla, bir neçə kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
Yolların açılması üçün əraziyə canlı qüvvə və texnika cəlb olunub.
Bununla yanaşı, sel suları rayonun şimal hissəsindəki Qəndov, Namazgah kəndlərində və Lahıc qəsəbəsində təsərrüfatın ayrı-ayrı sahələrinə ciddi ziyan vurub. Evləri, tövlələri, turizm-istirahət obyektlərini, mağazaları sel basıb, ağaclar, elektrik və rabitə dirəkləri aşıb, qaz borusu qırılıb, əhali qazsız və işıqsız qalıb.
Hazırda İsmayıllıdan keçən çaylarda gursululuq müşahidə olunur.